Avro-2024-ün seçmə mərhələsi başa çatdı. İştirak edəcək 24 komandadan 21-i artıq məlumdur. Qalan 3 yerin sahibi gələn ilin martında məlum olacaq.
Səbətlər də artıq bəllidir. Ən maraqlısı İtaliyanın 4-cü səbətdə yer almasıdır.
1-ci səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə.
2-ci səbət: Macarıstan, Türkiyə, Albaniya, Danimarka, Rumıniya, Avstriya.
3-cü səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya.
4-cü səbət: İtaliya, İsveçrə, Serbiya, pley-off oyunlarının qalibləri
İtaliya komandasının 4-cü səbətdə yer almasının səbəbi son dünya çempionatının seçmə mərhələsindəki uğursuzluğu deyil. FİFA-nın reytinqi səbətlərin təşkilində heç bir rol oynamır. Yalnız Almaniya ev sahibi kimi 1-ci səbətdə yerini təmin edib.
Burada əsas faktor komandaların seçmə mərhələdə topladıqları xallardır. Almaniya ilə eyni səbətdə qərarlaşan komandalar ən çox xal yığanlardır. Qruplardakı komandaların sayının fərqli olmasının heç bir önəmi yoxdur. Son yeri tutan komandayla oyunlarda qazanılan xallar nəzərə alınmayıb.
2-ci səbət qrupda 1-ci yeri tutub, amma daha az xal toplayan komandalardan formalaşıb. Bunlar Macarıstan, Türkiyə, Albaniya, Danimarka və Rumıniyadır. Səbətin 6-cı komanda isə 2-ci yerlər arasında ən çox xal toplayan Avstriyadır.
3-cü səbətdə Avstriyadan sonra xal toplayan qrup ikinciləridir. 4-cü səbət isə ən az xal toplayan 3 komandadan ibarətdir. Onların da arasında İtaliya var.
Son 3 komanda yazda müəyyənləşəcək. 3 vəsiqə uğrunda 12 komanda mübarizə aparır. Bu komandalar Millətlər Liqasının nəticələrinə görə seçilib.
12 komanda 3 yola bölünəcək. Hər bir yolda 4 komanda bir vəsiqə uğrunda mübarizə aparacaq. Yarımfinalın qalibləri finalda görüşəcəklər. Hələlik, yalnız C divizionunun yolu bəllidir. Burada Yunanıstan Qazaxıstanla, Lüksemburq isə Gürcüstanla qarşılaşacaq.
A divizionunda Polşa Estoniya ilə üz-üzə gələcək. Uelsin rəqibi isə Finlandiya, Ukrayna və İslandiyadan biri olacaq.
B divizionundakı cütlüklər hələlik formalaşmayıb. Orada İsraillə Bosniya və Herseqovinanın olacağı dəqiqdir. Digər iki komanda isə A divizionuna düşməyənlərdir.
Cütlüklər sabah məlum olacaq. Bakı vaxtı ilə saat 15:00-da pley-offun püşkü atılacaq. Yarımfinal oyunları martın 21-nə, finallar isə 26-na nəzərdə tutulub.
Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi isə dekabrın 2-də keçiriləcək. Məlum olmayan komandaların yerləri də həmin püşk zamanı bilinəcək.
İLQAR AĞAYEV