AFFA Canni De Byazini gedişindən sonra boş qalan Azərbaycan millisinin baş məşqçi vəzifəsi ilə bağlı İşçi Qrupu yaradacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib.
İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlər üçün brifinq keçirən S.Hacıyev qeyd edib ki, yeni yaradılacaq İşçi Qrupu millinin baş məşqçi vəzifəsinə namizədləri nəzərdən keçirəcək: “İşçi Qrupunun üzvləri ilə bağlı hazırda heç bir məlumat yoxdur. Üzvlər tezliklə müəyyənləşəcək”.
S.Hacıyev millinin yeni baş məşqçisinin adının yanvara kimi müəyyənləşməli olduğunu bildirib: “Martda millinin oyunları başlayır. Ona görə də matçlara 2 ay qalmış – yanvarda baş məsələsi həll edilməlidir. İki ay ərzində də yeni baş məşqçi komandanı martdakı görüşlərə hazırlaşdırmalıdır”.
Yeni baş məşqçinin yerli mütəxəssis olma ehtimalı haqda sualı S.Hacıyev belə cavablandırıb: “Bu ehtimal az deyil. Lakin indidən dəqiq fikir bildirmək çətindir. Bununla belə düşünürəm ki, yeni baş məşqçi ad olaraq tanınmış deyil, mental baxımdan bizə yaxın şəxs olmalıdır”.