Dəstə həmin dəstədi… AFFA İcraiyyə Komitəsinin bugünkü iclası növbəti dəfə illərdi Azərbaycan futbolunu məhvə sürükləyən bir qrup üzvün eyni məqsədə qulluq etdiyini göstərdi. Bəlkə də Canni de Byazi özü getmək istədiyini bildirməsəydi, müzakirələr uzanacaq və Elxan Məmmədovun dəstəsi onu millinin baş məşqçi postunda saxlamağın yolunu bir şəkildə tapacaqdı.

Futbolinfo.az İcraiyyə Komitəsinin iclasında başverənlərlə bağlı bəzi məlumatlar əldə edib. Görüş bağlı qapılar arxasında keçirilsə də, onun gedişindən məlumatlıyıq. Adının açıqlanmasını istəməyən bir neçə İK üzvündən gedişatı öyrənə bilmişik.

Elşad Nəsirov, Zaur Axundov və Kazbek Tuayev islasda de Byazinin əsas müdafiəçiləri olub. Onlar nəticələri o qədər də pis saymayıb və italiyalının postunda saxlanmasını lazım bilib. Yığmada dəyişikliyin, milliyə yerli məşqçi gəlməsi perspektivinin onların dəstəsinin nüfuz dairəsinin azalmasına səbəb olacağını bilən bu şəxslər demək olar, eyni sözləri təkrarlayıb. Arqumentlər, göstərdikləri səbəblər təkrarlandığından əminliklə bu şəxslərin əvvəlcədən daha bir iclas keçirdiklrini deyə bilərik.

Maraqlıdır ki, italiyalının getməsini istəyən şəxslərin başında Rövnəq Abdullayev dayanıb. Məhz AFFA prezidentinin radikal çıxışı önəmli rol oynayıb. Vaqif Sadıqov, qismən də İsgəndər Cavadov de Byazinn getməsinin vacibliyini vurğulayıb.

İclasda iştirak edən Elxan Tağızadə də de Byazini müdafiə edib, məlum qalmaqalda jurnalistlərin onu təxribata çəkdiyini vurğulayıb. Amma onun canfəşanlığı fayda verməyib, de Byazinin getmək istəyi, eyni zamanda səs çoxluğu həlledici olub.

Doğrusu, İcraiyyə Komitəsinin iclaslarında Elxan Tağızadənin iştirak etməsi özü də müəmmalıdır. Komitə üzvü olayan şəxsin hər dəfə iclasa buraxılmasının səbəbi araşdırılmalıdır. İctimai futbol təşkilatları ictimai birliyinin sədrinin milli komandanın baş məşqçisinin taleyinin müəyyən olunduğu iclasda nə işi var? Bu şəxs hansı xüsusi imtiyaza sahibdir ki, İK-nın toplantılarında iştirak edir, fikir bildirir, hətta tərəf tutur? Zənnimizcə, onun iclaslara buraxılması elə AFFA rəhbərliyinə, İK üzvlərinə qarşı hörmətsizlikdir. Elxan Məmmədovun dostu, məlum dəstənin üzvü olması ona istənilən məsələyə müdaxilə etmək hüququ verməməlidir.

İstənilən halda, Nəsirov, Axundov, Tuayev və Tağızadənin canfəşanlığı fayda vermədi və baş katib postuna əyləşdikdən sonra faydasız əcnəbilərin qovulması siyasətini uğurla davam etdirən Sərxan Hacıyevin təşəbbüsü dəstəkləndi. Rövnəq Abdullayev də əvvəlki və indiki baş katiblərdən hansının şəxsi mənafeyini, hansınınsa futbolun inkişafını düşündüyünü görməyə başlayıb. Ümid edək ki, yeni strategiyanın müəyyələşməsində, de Byazinin xələfinin seçilməsində də eyni xətti izləyərik.

FƏRİD

Shares: