Bu mövsümdən fəaliyyətini bərpa edən və Premyer Liqaya qayıdan “Araz-Naxçıvan”ın nəticələri müsbət mənada hər kəsi təəccübləndirir. Hər halda, yeni yaranmış komandanın 20 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşması heç də pis göstərici deyil.
Komandanı 3-cü pillədən cəmi 1 xal ayırır. Üstəlik, nəzərə alaq ki, “Araz-Naxçıvan” ev oyunlarını Naxçıvanda deyil, Bakıda keçirir. Komandanın uğurlu çıxışının memarı, şübhəsiz ki, baş məşqçi Azər Bağırovdur.
Ancaq “Araz-Naxçıvan” daxilindəki vəziyyət heç də nəticələrlə üst-üstə düşmür. Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, klubda maliyyə ilə bağlı sıxıntılar yaşanır. Məsələ burasındadır ki, AFFA-nın bir mövsüm üçün ayırdığı pulu klub artıq xərcləyib. Doğrudur, AFFA dövlət yardımını aylara bölərək köçürür. Lakin rəhbərlik transferlər üçün özünün ayırdığı maliyyəni növbəti aylarda köçürüləcək vəsaitdən götürmək niyyətinddə olduğundan indidən futbolçulara problem yaratmağa başlayıb. Qış fasiləsindən sonra maliyyə durumunun necə olacağı müəmmadır.
Uğurlu çıxış fonunda rəhbərliyin komandaya ayırdığı mükafat isə futbolçuların ürəyincə deyil. Bu da getdikcə ciddi narazılıqlara yol açır. Azər Bağırovun da bu məsələdə oyunçuların tərəfini tutması onun rəhbərliklə arasında soyuqluğa səbəb olub.
Problem böyüyərsə, vəziyyət hətta baş məşqçi ayrılığı həddinə çata bilər.
AĞA