Apellyasiya Arbitraj Tribunalı növbəti qərarlarını açıqlayıb.
Futbolinfo.az sizi həmin qərarlarla tanış edir:
- “Zirə” klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
- 05.11.2023-cü il tarixində Misli Premyer Liqasının XII turunun “Sabah” – “Zirə” oyununun 90-cı dəqiqəsində “Zirə” klubunun 9 nömrəli futbolçusu Vladislav Kulaç təcavüzkar davranış etdiyinə görə futbolçunun 4 oyun cəzalanması, “Zirə” klubunun 3000 manat cərimə edilməsi (maddə 40.3) barədə İntizam Komitəsinin 10 noyabr 2023-cü il tarixli qərarı “oyun cəzası” sanksiyası hissəsində dəyişdirilsin.
- Futbolçu Vladislav Kulaça təyin olunan cəzanın bir hissəsi icra edilərək sonuncunun müvafiq liqada 1 oyun buraxması, digər 3 oyunluq cəzasının isə ödənilməmiş qalması nəzərə alınaraq, İntizam Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən ödənilməmiş cəza şərti tətbiq edilsin.
- Şərti cəzanın tətbiqi üçün 3 ay sınaq müddəti təyin edilsin. Sınaq müddətinin başlanğıcı ilkin cəzanın çəkildiyi 12 noyabr 2023-cü il tarixdən etibarən müəyyən edilsin.
- İntizam Komitəsinin qərarı qalan hissədə qüvvədə saxlanılsın.
- Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
- Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
- Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəf(lər)ə göndərilsin.
- “Sumqayıt” klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
- 11.11.2023-cü il tarixində Misli Premyer Liqasının XIII turunun “Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov qeyri-idman hərəkətinə görə ikinci sarıdan sonra qırmızı vərəqə aldığı üçün 1 oyun, həmçinin 19.09.2023-cü il tarixdə təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilmiş 2 oyunluq şərti cəza üzərinə əlavə edilməkdə ümumilikdə 3 oyun cəzalanması və “Sumqayıt” klubunun 1000 manat cərimə edilməsi (maddə 36.6, 32) barədə İntizam Komitəsinin 16 noyabr 2023-cü il tarixli qərarı qüvvədə saxlanılsın.
- Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin
- Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəf(lər)ə göndərilsin.