Yunanıstanın paytaxtı Afinada Beynəlxalq Olimpiya Komitəsi, INTERPOL, Avropa Şurası və UEFA-nın təşkilatçılığı ilə İdman Oyunlarının Toxunulmazlığı Həftəsi – idman yarışlarında manipulyasiya ilə mübarizə mövzusunda tədbir keçirilir.
Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 29-dək davam edəcək və 8 ölkənin (Azərbaycan, Kipr, Gürcüstan, Yunanıstan, İsrail, Malta, Rumıniya, Türkiyə) dəvət olunduğu tədbirdə milli assosiasiyada oyunların toxunulmazlığı üzrə məsul şəxs və komissiyanın üzvü – ekspert Seymur Səlimli, hüquq şöbəsinin hüquqşünası Naib Əsədov, Qeydiyyat və Statistika şöbəsinin baş mütəxəssisi Seyran Kərimli iştirak edirlər.
Avropa Olimpiya Komitəsinin prezidenti Spiros Kapralosun iştirakı ilə keçirilən iclasın ilk günündə danışılmış oyunlara qarşı mübarizənin əhəmiyyəti, yarışların manipulyasiyasına qarşı mübarizədə, xüsusilə Olimpiya Hərəkatının və MOK-ların rolu xüsusi qeyd olunub. Tədbirdə həmçinin danışılmış oyunlara qarşı mübarizədə UEFA və dürüst formada qərar verən peşəkarların, rəqabət manipulyasiyasının həllində hüquq-mühafizə orqanlarının və beynəlxalq polis əməkdaşlığının, rəqabət manipulyasiyasının həllində Avropa şurasının və Milli platformaların rolu və “İdman Bütövlüyü Həftəsi”nin müzakirəsinə başlanılıb.