“Sumqayıt”ın hücumçusu Kamran Quliyevin futbolinfo.az saytına müsahibəsi

– Azərbaycan Kubokunun II təsnifat mərhələsində “Lerik” üzərində 6:0 hesablı qələbə qazandınız. Bu qələbə klub tarixinə ən böyükhesablı qalibiyyət kimi düşdü. Görüşdə 2 qol vuraraq qələbədə mühüm rol oynadınız. Həm matçla, həm də öz oyununuzla bağlı fikirləriniz necədir?

– Təbii ki, qələbə münasibətilə sevincliyik. Bizim üçün mərhələni adlamaq çox vacib idi, bunun da öhdəsindən gəldik. Amma tam sevinə də bilmirik. Çünki Kristian Velinovski bu görüşdə ağır zədə aldı. Buna çox üzüldük. Qələbəni də məhz ona həsr edirik.

– Velinovskinin ilk hissədə ayağının sındığı epizoddan sonra fikrinizi oyuna kökləmək çətin olmadı?

– Çox ağır zədə aldı. Heç bir futbolçu bu cür zədə ilə üzləşmək istəməz. Allah köməyi olsun. İnşallah, tez bir zamanda sağalıb aramıza daha da güclü şəkildə dönər. Fikrimiz Kristianın yanında olsa da, oyuna diqqətimiz azalmadı. Bunun da sayəsində lazım olan nəticəni qazandıq.

– “Lerik”lə görüşdə vurduğunuz ilk qoldan sonra tora daxil olmuş topa yenidən zərbə endirdiniz. Bu hərəkətiniz uzun müddət qol vurmamağınızla bağlı idi?

– Bəli, onunla bağlı idi. Həm çoxdandır qol vurmurdum, həm də qoldan öncə 100 faizlik şansım olmuşdu, amma topu tordan keçirə bilməmişdim. Vurduğum ilk qoldakı əsəbiliyim də məhz bu üzdən idi.

– Son vaxtlar çempionat oyunlarına əsas heyətdə çıxmırsınız, baş məşqçi sizi sonradan meydana buraxır. Bunun səbəbini nədə görürsünüz?

– Baş məşqçi nə qərar verirsə, hörmətlə yanaşmalıyam. Məşqlərdə əlimdən gələni edirəm ki, əsas heyətdə möhkəmlənim. Kimin oynaması ilə bağlı son qərarı baş məşqçi verir.

– Misli Premyer Liqasının növbəti turunda “Turan Tovuz”un qonağı olacaqsınız. Bu görüşdə şansları necə dəyərləndirirsiniz? Kubok görüşündə 2 qol vurduqdan sonra Samir Abasov Tovuz səfərində sizə əsas heyətdə yer verə bilərmi?

– Uzaq səfərə çıxırıq. Sıx qrafikimiz var. Bizi çətin görüş gözləyir. Buna baxmayaraq, Tovuza qələbə üçün gedirik. O ki qaldı əsas heyətdə oynayıb-oynamayacağıma, buna baş məşqçi qərar verəcək. Samir Abasov nə qərar versə, hörmətlə yanaşacağam.

– “Sumqayıt”ın cari mövsümdəki çıxışını necə qiymətləndirirsiniz? Hazırda 22 xalla 3-cü pillədə yer alan komandanız sona qədər ön sıralardakı mövqeyini qoruya biləcək?

– Daha çox xalımız ola bilərdi. İlk turlarda bəzi futbolçularda uyğunlaşma problemi olduğu üçün tam gücümüzü sərgiləyə bilmirdik. Amma yavaş-yavaş hər şey qaydasına düşür. İnanıram ki, qarşıdakı turlarda daha yaxşı oyun göstərəcəyik.

– Ev oyunlarınızı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirmək üçün səbirsizlənirsiniz? Sizcə, həmin arenaya köçdükdən sonra azarkeşlər bütün oyunlarda stadionu tam doldura biləcəklər?

– Azarkeşlərə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Yağışda, küləkdə, istidə – bir sözlə, heç vaxt bizi tək buraxmırlar. Əminəm ki, Mehdi Hüseynzadə adına stadiona köçəndən sonra da daim yanımızda olacaqlar və arenanı dolduracaqlar. Onların dəstəyi bizim üçün böyük önəm kəsb edir. Azarkeşlərimiz bizə ruh yüksəkliyi verirlər.

FƏRİD

Shares: