“ChessBase” portalının məlumatına görə, klassik şahmat üzrə hazırkı dünya çempionu çinli Dinq Lijen 2024-cü ilin fevralında şahmatın Fişer növü üzrə turnirdə sələfi, hazırda rapid və blits üzrə dünya çempionu norveçli Maqnus Karlsenlə görüş keçirəcək.

“Freestyle Chess G.O.A.T” yarışı 2024-cü il fevralın 9-dan 16-dək Almaniyada təşkil ediləcək. Turnirdə Maqnus Karlsen (Norveç), Dinq Lijen (Çin), Fabiano Karuana (ABŞ), Alireza Firuzja (Fransa), Vinsent Kaymer (Almaniya), Nodirbek Abdusattorov (Özbəkistan), Levon Aronyan (ABŞ) və Qukeş Dommaraju (Hindistan) iştirak edəcəklər.

Xatırladaq ki, Fişer şahmatının qaydaları klassikdəki kimidir, lakin birinci və sonuncu cərgədəki fiqurların düzülüşü fərqlidir. Piyadalardan fərqli olaraq fiqurlar təsadüfi əsasda düzülür. Şərtlərə görə, fillər müxtəlif rəngli damalarda, toplar isə şahın əks tərəflərində olmalıdır. Başlanğıc mövqeyi üçün 960 variant olduğuna görə, oyunu şahmat-960 da adlandırırlar.

Shares: