“Neftçi”nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun idi. Çox yaxşı komanda olan “Zirə”yə qarşı oynadıq. İlk hissədə bərabər səviyyəli oyun gedirdi. İkinci hissədə daha yaxşı oynadıq. Oyunçularımı təbrik edirəm. Onlar döyüşkən ruh göstərdilər. Məni sevindirən amil sonradan oyuna daxil olan oyunçuların yaxşı təsir bağışlaması oldu.

Səmimi desəm, hücumçuların oyunu məni qane edir. Problem onların qol vurmamasıdır. Qol vurmağa başlasalar, komandaya yaxşı təsir edər.

Ümumi götürsək, bütün oyunçulara şans vermişəm. Əlbəttə, ilk 11-liyi seçəndə ən yaxşılara üstünlük verirəm. Rəhman Hacıyev təkcə vurduğu qolla yox, göstərdiyi oyuna görə də məni sevindirdi. Biz bir komandayıq. Kimin az, kimin çox oynamasının fərqi yoxdur. Əsas hər bir futbolçunun komandanın uğurlarına töhfə verməsidir. Hər bir oyunçu “Neftçi”də oynadığını dərk etməlidir. Öz oyunçularıma həmişə deyirəm ki, onlar komanda şəklində çıxış etsələr, uğurlu olacaqlar”.

Shares: