“Qarabağ”ın yarımmüdafiəçisi Julio Romaonun futbolinfo.az saytına müsahibəsi

– Deyəsən, “Qəbələ” üzərində 3:0 hesablı qələbə asan alındı?

– Xüsusilə oyunun əvvəllərində çətin oldu. Rəqib meydanda çətinliklər yarada bilirdi. Qol vəziyyətlərindən də yararlanmağı bacarmadıq. Oyunun sonlarında daha yaxşı oynadıq. Əlimizə düşən imkanları qola çevirə bildik.

– Bu gün istər azarkeş baxımından, istərsə də media “Qarabağ”ın Avropa Liqasında İsveçin “Hekken” klubuna qarşı keçirəcəyi oyun barədə danışır. Çempionat matçları bir o qədər də maraqlı deyil…

– Bu, yanlış düşüncədir, çempionat matçları da maraqlıdır. Biz bu gün Avropa Liqasında iştirak ediriksə, bu, çempionatda qazandığımız uğurların nəticəsidir. Komanda olaraq liqaya böyük önəm veririk. Burada uğur qazanmalıyıq ki, Avropada da nəyəsə nail olaq. Çempionlar Liqasında, Avropa Liqasında, Konfrans Liqasında oynamaq üçün çempion olmalıyıq.

– Demək istəyirəm ki, hər kəs “Qarabağ”ın Avropa Liqasında tarix yazmasına köklənib. Hamı bu oyunu müzakirə edir, şansları dəyərləndirir…

– Yanaşma belə olmamalıdır. Azarkeş yoxdursa, çempionat matçının dəyərinin olmadığını da düşünmək səhvdir. Biz buna baxmırıq. Tribunada azarkeş olsa da, olmasa da, bizim üçün hər matç vacibdir.

– Qayıdaq Avropa Liqasının 5-ci turunda “Molde” ilə 2:2 hesablı bərabərliyə imza atdığınız oyuna. Heç-heçə yaxşı nəticə idi?

– Bu oyunda qələbə də qazana, uduza da bilərdik. Bizim üçün şərait asan deyildi. Soyuq hava, sintetik meydança çətinliklər yaradırdı. Avropa Liqasında hər cür nəticə ilə üzləşmək olar. Ümumi baxsaq, matçın gedişində hesabda geri düşmüşdük. Sonda vurduğumuz qol bizə “can verdi”. Yəni hələ də şanslarımız qalır və hər şey öz əlimizdədir.

– Həmin oyunda cəza səbəbindən meydana çıxa bilmədin. Səncə, oynasaydın, nəsə dəyişərdi? Baş məşqçi Qurban Qurbanov da əvəzetmə baxımından çətinlik yaşadığını gizlətmədi…

– Mənim meydanda olmağım və ya olmamağım çox şeyi dəyişmir. Yenə uda da, uduza da bilərdik. Çünki bizim komandada hər kəs əziyyət çəkir, hazırlaşır, məşq edir. Bütün oyunçular meydanda olmağa layiqdir. Məsələlərə belə yanaşmamalıyıq ki, kimsə olmadısa, biz çox şey itirəcəyik. Hamı çalışır ki, oynasın. Məsələn, Kevin Medina zədələndi və növbəti oyunda olmayacaq, daha doğrusu, bir müddət meydana çıxmayacaq. İndi onun yoxluğunda düşünək ki, biz oyunları uduzacağıq? Yox, kimsə olmasa da, onu layiqincə əvəz edənlər var.

– Mövsümün ilk yarısı başa çatır və dekabrın 24-ə qədər olan müddətdə çətin qrafikiniz var…

– Biz bu cür halla ilk dəfə rastlaşmayacağıq. Millinin oyunlarına qədər olan vaxtda da eyni situasiya idi. Yenə də hazırıq və bunun öhdəsindən gələcəyimizi düşünürəm. Heyətdə yetəri qədər futbolçu var.

ABBAS

Shares: