Misli Premyer Liqasında mövsüm yarılanır. Komandalar tezliklə qış fasiləsinə çıxacaq. Amma bir çox məsələlər hələ də həllini tapmayıb.
Uzun fasilədən sonra yüksək liqaya qayıdan “Araz-Naxçıvan”ın problemi də bitmir. Mövsüm başlayarkən müvəqqəti olaraq Mərdəkanda məskunlaşacağı deyilən komanda daha sonra təmsil etdiyi bölgəyə qayıtmalı idi. Bu səbəbdən Naxçıvan şəhər stadionu təmir olunmalıydı.
Peşəkar Futbol Liqası da “Araz-Naxçıvan”ı Premyer Liqaya məhz mövsümün ikinci yarısında doğma şəhərə qayıtmaq şərti ilə buraxmışdı. Bu səbəbdən ötən müddətdə təmir işləri başlamalı, indiyə yekunlaşmalı idi. Amma naxçıvanlılar doğma şəhərə qayıdış üçün faktiki heç nə etməyib.
Klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov dbu barədə sorğumuza belə cavab verdi: “Stadionla bağlı layihələndirmə işləri yekunlaşıb və aidiyyatı qurumlara yönləndirilib. Stadionda yenidənqurma və təmir işlərinin yaxın vaxtlarda başlanması planlaşdırılır. Komandanın Naxçıvanda məskunlaşması və oyunlarını təmsil etdiyi bölgədə keçirməsi stadionun hazır olmasından asılıdır. Stadion hazır olduqdan sonra, əlbəttə, “Araz-Naxçıvan” rəqiblərini doğma məkanda qəbul edəcək. Klubun Naxçıvanda məskunlaşmaq fikri var, hazırkı məqamda Bakıda yerləşməsi və oyunlarını “Dalğa Arena”da keçirməsi stadionun tələblərə cavab verməməsi ilə bağlıdır. Bu istiqamətdə də işlər görülür”.
Fakt odur ki, “Araz-Naxçıvan”ın doğma bölgəyə qayıtması xeyli yubanacaq. Görünür, klub rəhbərliyi üçün paytaxtda məskunlaşmaq daha rahatdır və mövsümü Bakıda başa vurmaq niyyətindədirlər. Premyer Liqada bölgə klublarının say artımı əməldə yox, sözdədir.