AFFA-da növbəti prezident seçkiləri yaxınlaşdıqca hərəkətlilik də artır. Kresloya əyləşmək istəyənlər xəlvətcə işlərini görür, öz təbliğatını aparır.
Hazırda FIFA-da çalışan AFFA-nın vitse-prezidenti Elxan Məmmədov da yenidən səhnəyə çıxıb. Məhv etdiyi ölkə futbolundan əl çəkmək istəməyən bu şəxs əməli addımlar atır. O, Parisə köçməsindən sonra qismən dirçələn futbolumuza doğru yenidən caynaqlarını uzadır.
Məmmədov təbliğatdan yox, şəxsi əlaqələrdən istifadə edir. Onun qısa müddətdə dostlaşdığı FIFA-nın baş katibi Fatma Samurun Bakıya gəlişindən istifadə etməyə çalışmasının səbəbi də budur. O, seneqallı məmurdan öz təyinatı üçün “yuxarılar”dan xahiş etməyi istəyəcək.
Hələ iki ay öncə dekabrın əvvəlində belə bir rəsmi səfərin planlaşdırıldığını yazmışdıq. Belə də oldu. Həftə bitməmiş FIFA-nın baş katibi ölkəmizdə olacaq. Samurun səfəri sırf AFFA ilə bağlı deyil. Onun konkret olaraq hansı tədbirə qatılacağı gizli saxlanılır, lakin Premyer Liqanın ən azı bir matçında stadionda olacağı dəqiqdir. Qonağın verəcəyi açıqlamalar, keçirəcəyi görüşlər sırf Elxan Məmmədovun təbliğatına hesablanıb.
Fatma Samba Diuf Samur tarixdə ilk qadındır ki, FIFA-ya baş katib seçilib. O, əvvəllər Birlәşmiş Millәtlәr Tәşkilatında fəaliyyət göstərib. 61 yaşlı məmur 2016-cı ildən indiki postundadır.