“Səbail”in baş məşqçisi Şahin Diniyevin futbolinfo.az saytına müsahibəsi

– XV turun “Araz-Naxçıvan”la görüşündə avtoqol sayəsində son dəqiqələrdə məğlubiyyətdən xilas oldunuz. Avtoqola qədər artıq uduzacağınızla barışmışdınız, yoxsa 1 xala hələ də ümidiniz var idi?

– Doğrusu, bu komandaya həmişə, lap son dəqiqələrə, son saniyələrə qədər ümidim var. Bu, o komandadır ki, geridönüşlərə görə Azərbaycan çempionatında birinci yerdədir. Hesabda geridə olarkən oyunun taleyini öz lehimizə dəyişməyi bacarırıq. 10-a yaxın belə xal toplamışıq. Komandamızın potensialı var. “Araz-Naxçıvan”la görüşdə də qol vuracağımızı gözləyirdim. Buraxdığımız qol bizə pis təsir etdi, buna baxmayaraq, sonadək xal qazanacağımıza inamım var idi. İnam olduğu üçün sona 5 dəqiqə qalmış oyuna 2 hücumçu buraxdım. Avtoqol da məhz onların təzyiqi nəticəsində alındı. Avtoqol elə-belə vurulmadı. Rəqibin müdafiə xəttinə təzyiq yaşatdıqdan sonra o qol gəldi.

– “Səbail” çempionatın son 3 turunda cəmi 2 xal qazanıb. Bu, nə ilə bağlıdır və sizi narahat edirmi?

– Düz qeyd etdiniz, axırıncı 3 turdan birində “Qarabağ”a uduzmuşuq, bu, gözlənilən idi. Ancaq heç-heçə etdiyimiz “Kəpəz” və “Araz-Naxçıvan”la görüşlərdə daha yaxşı oynaya bilərdik. Bunu edə bilməməyimizin səbəbləri var. Səbəblər ondan ibarətdir ki, “Turan-Tovuz”la oyundan sonra heyətlə bağlı problemlərimiz başladı. Ramalinqom, Ağabala, Yusif, Qomis və Pedronun zədələnməsi, Cabirin əməliyyat olunması, Süleymanın yenidən əməliyyata getməsi bizə böyük çətinliklər yaratdı.

– Son görüşlərdə komandanızın hücum xəttində “dişsizlik” hiss olunur. Əsas qol ümidiniz Aleksandr Ramalinqom formadan düşüb. Bunu nə ilə izah edərdiniz?

– Ramalinqomun əvvəlki formasında olmamasını təbii qarşılayaq. Çünki zədə ilə bağlı 2-3 həftə məşq etmədi. Ümid edirəm ki, getdikcə əvvəlki formasını yığacaq. Birdən-birə hücumameylli futbolçuların – həm Qomis, həm Ağabala, həm də Ramalinqomun zədələnib sıradan çıxması sabit heyətimizi pozdu. Sabit heyətin pozulması isə sabit oyunun itməsinə gətirib çıxarır. Bəzi futbolçularımız əsl formalarında olmaya-olmaya bu xalları qazanırıqsa, deməli, komandamızın potensialı böyükdür.

– Növbəti oyunda “Sabah”la qarşılaşacaqsınız. İlk dövrədə bu komanda ilə 2:2 hesablı heç-heçə etmişdiniz. Budəfəki görüşdə şansları necə dəyərləndirirsiniz? Sizcə, oyunun favoriti kimdir?

– Heç kim deyə bilməz ki, bu il çempionatda hansısa oyun keçicidir, asan xal götürmək, qələbə qazanmaq olar. “Kəpəz”lə də, “Qarabağ”la da matç sonuncu görüş kimidir. “Sabah”a gəlincə, yaxşı heyətə malikdir, öz oyun tərzi olan komandadır. Güclü rəqiblə qarşılaşacağıq, amma bu, bizi qorxutmur. Meydançaya uğur qazanmaq üçün çıxacağıq.

– “Sabah”la matçdan sonra evdə “Qəbələ”, səfərdə “Sumqayıt” ilə üz-üzə gələcəksiniz. Qış fasiləsinədək neçə xal toplamaq ürəyinizcə olar?

– Hər bir məşqçi istəyər ki, maksimum xal toplasın. Biz də bunun üçün çalışacağıq. Yenə deyirəm, komandanın potensialı var. Nə olacağını zaman göstərəcək. Heyətlə bağlı bu qədər itkilərin olduğu, komandanın eniş dövrünü yaşadığı bir vaxtda maksimum gücümüzü toplayıb bu 3 oyunu keçirəcəyik. Qış fasiləsindən sonra isə daha yaxşı “Səbail” görmək istəyindəyik.

– Qış fasiləsində komandanıza yeni futbolçular cəlb etməyi planlaşdırırsınız? Hansı mövqeləri gücləndirmək fikriniz var?

– Düşünürük. Biz gördük ki, rotasiya etmək imkanımız yoxdur. Dediyim kimi, “Turan Tovuz”la matçdan sonra 5-6 futbolçumuz sıradan çıxdı. Bu itkilər komandanın gücünü göstərməsinə mane olur. Gördük ki, hücumçunun biri yoxdursa, onun yerini doldura bilmirik. Rotasiya etmək imkanımız olsun deyə, qış fasiləsində maksimum 3 futbolçu ilə güclənməyə çalışacağıq. Ancaq bu nə qədər alınacaq, bilmirəm. Çünki qışda yaxşı futbolçu tapmaq çox çətindir. Mövqeləri demək istəmirəm, amma 3 yeni futbolçu cəlb etmək istərdim.

CAVAD

Shares: