“Bizi çətin oyun gözləyir. Rəqib qələbə istəyəcək” – bunu futbolinfo.az-a açıqlamasında Azərbaycan futbol millisinin üzvü Rövşən Hüseynli deyib.

O, DÇ-2024-ün elit-raund mərhələsində Niderlanda qarşı keçirəcəkləri matçdan danışıb: “İlk görüşdə evdə böyükhesablı qələbə qazandıq. Bunun revanşını almaq istəyəcəklər. Qalib gəlsələr, onların pley-off-a yüksəlmək şansları bizdən daha yaxşıdır. Heyətimizdə məlum səbəblərdən böyük dəyişikliklər var. Meydana çıxıb ən yaxşısını etməyə çalışacağıq. İlk işimiz budur. Ondan sonra D qrupundakı vəziyyətlə maraqlanacağıq. Düzdür, bu gün pley-off şanslarımız təkcə özümüzdən asılı deyil. Amma futzal futboldan fərqlənir. Bundan əvvəlki oyunlara baxsanız, istədiklərimiz baş verməsinin nə qədər mümkün olacağını özünüz də görərsiniz. Müəyyən məlumatlarım var ki, ümid etməyə dəyər. Hər şey bizim istədiyimiz kimi ola bilmə ehtimalı var. İlk növbədə öz oyunumuza diqqət ayırmalıyıq. Qalib gəlmək vacibdir. Daha diqqətli olub 3 xalı əldə etməliyik. Rəqib evdə oynayır və şansları da var. Çox çətin olacaq”.

Hüseynli komandanın heyətindəki dəyişikliklərdən, baş məşqçi Vitali Borisovun daha çox yerlilərə şans verməsindən və UEFA-nın milliləşdirmə ilə bağlı son zamanlarda radikal qərar almasından da söz açıb: “Dəyişiklikləri tək cümlə ilə ifadə edə bilərəm – komandada milli ruh var. Bəli, bu gün fərdi keyfiyyətlərdə, taktiki planda, oyun təcrübəsində çətinliklər olsa da, komandada əzmkarlıq, istək, əynimizdəki formanın məsuliyyətin dərk etmək, vətəni layiqincə təmsil etmək hissi yüksəkdir. Bunları Rumıniya ilə matçda gördük. Bəzi oyunçular gəncdirlər, yeni-yeni bu cür ağır matçlara çıxırlar. Hazırki durumda bu hisslər komandaya çox kömək edə bilər. Çünki hər zaman taktiki planlar qazanmır. İstək və əzmkarlıq ilk sıradadır. Zaman keçdikcə isə taktik plan üzərində çalışıb yaxşı heyət formalaşdırmaq olar. Bu heyətin potensialı yuxarıdır. Mən də öz məsuliyyətimi başa düşürəm və çalışıram ki, gənclərə məsləhə verim. Onlara həm həyatda, həm məşqdə, həm oyunda dəstək olmaq istəyirəm. Birlikdə Azərbaycanın yeni nəsil futzal millisini formalaşdırmaqda əməyim olması mənim üçün qürurdur”.

Shares: