Azərbaycan millisinin, “Neftçi” və “Qarabağ” klublarının sabiq futbolçusu Vadim Vasilyevin futbolinfo.az saytına müsahibəsi
– Hazırda nə işlə məşğulsunuz?
– Heç bir işlə məşğul olmuram, işsizəm. Günümü, demək olar ki, evdə keçirirəm. Bəlkə yanvarda nəsə oldu.
– Hansısa variant var?
– Xeyr, heç bir variant yoxdur. Sadəcə, dedim bəlkə olar.
– Bəs nə ilə dolanırsınız?
– Evi kirayə vermişəm, mənə borclu olanlar da yavaş-yavaş ödəyirlər. Hələlik yanvar-fevrala kimi dözmək olar. Özümün də banka borcum var. Çətinliklə də olsa, dolanırıq.
– İşlə bağlı kiməsə müraciət etmisiniz?
– Çoxları işsiz olduğumu bilir. Bunun üçün bəziləri kimi, bütün günü gedib yanlarında oturub başlarını ağrıtmalısan. Məndə də belə xasiyyət yoxdur. Tək mən deyiləm, işsiz qalan o qədər məşqçi var ki. Heç kim adına görə iş verilməsini və ya baş məşqçi qoyulmasını istəmir. Köməkçi də, aşağı yaş qruplarında da ola bilər. Mütəxəssislərə imkan yaratsınlar, ondan sonra işlərinə qiymət versinlər. İnanın, elə futbol məktəbi var ki, orada işləyənlərin çoxunu tanımıram. Valideyn də uşağını tanıdığı adamın yanına aparmaq istəyər.
– Dövrünüzün ən yaxşı hücumçularından olmusunuz. Aşağı yaş qruplarında ön xətt oyunçusu da yetişdirə bilməzsiniz?
– İndi hücumçuya baxan var? Məsələn, çempionatın “Qarabağ” – “Neftçi” oyununa baxırdım. Futbolçular meydanda gəzirdilər. Gəzə-gəzə qələbə qazanmaq olar? Gərək çalışasan, qaçasan.
– Bu komandalar əzəli rəqib sayılır. Oyun bunu əks etdirdi?
– Dərd orasıdır ki, “Qarabağ” heç əziyyət çəkmədi. “Neftçi” nə hücumda top saxlaya bilirdi, nə də düzgün müdafiə olunurdu. Vallah, “Neftçi”nin hazırkı durumunu görəndə ürəyim ağrıyır. Çoxları mənim kimi düşünür. Adrian Mutu öz dövründə dünyanın tanınmış hücumçularından olub. Ona məəttəl qalıram ki, bu cür keçmiş forvard müdafiə futbolu oynadır. Hücumçu kimi böyük təcrübəyə maliksən. Hansı hücumçunun sənə xeyir verəcəyini, hansının verə bilməyəcəyini müəyyənləşdirə bilmirsən? Nə top qəbul edə, nə başla oynaya bilirlər. “Neftçi”nin hücumçularının ifasında düşünülmüş kombinasiya da görmürük.
– Çoxları düşünür ki, Premyer Liqada son illərin ən marqlı mövsümü keçir. Bu fikirlə razısınız?
– Düzdür, maraqlı mübarizə gedir. Əvvəllər güclü komandaların ciddi yanaşmadığı klublar da bu mövsüm futbol göstərirlər, vuruşurlar. Ən azı istək var. “Turan Tovuz”, “Səbail” kimi komandalar aşağı büdcə ilə maraqlı oyun sərgiləyirlər. Amma “Neftçi” o boyda büdcə ilə heç nə edə bilmir.
– “Neftçi”nin düşdüyü durumun səbəbini nədə görürsünüz?
– Oyunçu seçimində. Sadəcə, baş məşqçi kollektiv yarada bilməyib. Komandada istək görünmür. Bu mövsüm 1-2 oyunu normal keçiriblər. Sanki futbolçular bir-birilərindən incikdirlər.
– Mövsümə iddialı başlayan digər komanda “Sabah” cari mövsüm “Neftçi”dən də zəif çıxş edir. Bunu nə ilə əlaqələndirmək olar?
– “Sabah” ötən mövsüm çox yaxşı nəticə göstərdi. Ancaq görünən odur ki, komandada davamlılıq yoxdur. Onların da büdcələri yaxşıdır. Yayda 1-2 aparıcı oyunçuları getdi, oyunlarını itirdilər. Gedənlərin yerinə boşluğu dərhal dolduracaq gücdə futbolçular gətirilməli idi.
– “Zirə” isə əksinə, mövsümə uğurlu start götürdü və hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır. Rəşad Sadıqovun fəaliyyətini necə qiymətləndirmək olar?
– Rəşad Sadıqov uduzmağı xoşlamayan insandır. Komanda uğursuz nəticə ilə üzləşəndə əsəbləşir. Ona görə də onun üçün yaxşı oyun yox, qələbə vacibdir. Fikrimcə, “Zirə” normal çıxış edir.
– “Qarabağ”ı artıq çempion saymaq olar?
– “Qarabağ” Azərbaycanın gözmuncuğudur. Düşünürəm ki, yenə çempion olacaqlar.
– Bu komandanın Avropa Liqasındakı çıxışı sizdə necə təəssürat yaradır?
– “Bayer”lə Almaniyadakı oyunu çıxmaq şərti ilə əla çıxış edirlər. “Bayer”lə Bakıdakı matçı da pis keçirməmişdilər. Bu klub isə hazırda Avropanın ən yaxşı formada olan kollektividir.
– “Qarabağ”ın pley-offdakı rəqibi Portuqaliya klubu “Braqa” olacaq. Bu cütlükdən nə gözləmək olar?
– Məncə, püşk pis rəqib çıxarmadı. Sadəcə, portuqaliyalılardan hər şey gözləmək olar. Braziliyalılar kimidirlər, düşüncələrini oxumaq çətindir. “Qarabağ”ın işi çox çətin olacaq. Amma Portuqaliya komandalarının bir mənfi xüsusiyyətləri var. İlk 15-20 dəqiqədə oyunları alınmayanda əsəbiləşirlər və belədə rəqibin işi asanlaşır. Bu mənada “Qarabağ” “Braqa”nı bir az topsuz saxlasa, rəqib dəli olacaq. “Braqa” nə “Arsenal”dır, nə “Mançester Siti”. Əlbəttə ki, keçmək olar.
– Ancaq Kevin Medina və Marko Veşoviç kimi müdafiəçilər olmayacaq…
– Bu, çox pis oldu. Medinanın yoxluğunu başa düşmək olar, futbolda heç kim zədədən sığortalanmayıb. Veşoviç isə gərəksiz yerə qırmızı vərəqə aldı. Görürsən ki çatmırsan, ayağını çək.
– Bir az da milli barədə danışardınız. Canni de Byazi artıq yola salındı və yeni baş məşqçi axtarılır. Yerli və əcnəbi mütəxəssislər arasında seçim aparılır. Sizin məsləhətiniz nə olar?
– AFFA kimi məsləhət bilsə, onu da təyin edəcək. Bizim nəsə deməyimizin o qədər də önəmi yoxdur. Şəxsən mənim fikrimcə, yerli məşqçi olsa, nə de Byazidən, nə də əvvəlki əcnəbilərdən pis nəticə verəcək.
– Qurban Qurbanovdan başqa, yığmanı çalışdırmağa kimi layiqli bilirsiniz?
– Kifayət qədər məşqçimiz var. Yerli mentalitetə də, futbolçulara da bələddirlər.
– Son vaxtlar türkiyəli Şenol Günəşin adı çəkilir. O, bizə nə verə bilər?
– Heç nə. De Byazi kimi gələcək, bir müddət işləyib gedəcək. Ortada da heç nə olmayacaq. Dünyada o qədər milli var ki. Şenol Günəş yaxşı olsaydı, həmin yığmalardan biri onunla maraqlanardı. Heç Türkiyədə düz-əməlli çalışmır.
– Millinin artıq 10 legioneri var. Yerli məşqçi təyin edilsə, bu oyunçularla hansı uğura imza ata bilər?
– Razıyam, legionerlərimiz var. Amma bəziləri klublarında ehtiyatda qalırlar. Ən azı ona əminəm ki, yerli məşqçi əcnəbilərdən pis olmayacaq. Legionerlərimizin xarici ölkələrdə neçə oyun keçirmələrindən də çox şey asılıdır. Baxmaq lazımdır ki, neçə dəqiqə meydanda qalır, hansı formadadır. Xaricdə olsan belə, çıxış etməlisən, oyun praktikan olmalıdır. Milli elə yerdir ki, kim hazırdırsa, o da çağırılmalıdır.
FƏRİD