Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev işsizdir. Məşqçi kimi bir müddət fəaliyyət göstərmiş keçmiş hücumçu indi dolanışıq üçün evini kirayə verib.

Bu barədə futbolinfo.az saytına Vadim özü danışıb: “Heç bir işlə məşğul olmuram, işsizəm. Günümü, demək olar ki, evdə keçirirəm. Bəlkə yanvarda nəsə oldu. Heç bir variant yoxdur. Sadəcə, dedim bəlkə olar. Evi kirayə vermişəm, mənə borclu olanlar da yavaş-yavaş ödəyirlər. Hələlik yanvar-fevrala kimi dözmək olar. Özümün də banka borcum var. Çətinliklə də olsa, dolanırıq”.

Vadim iş üçün kiməsə ağız açmaq niyyətində deyil: “Çoxları işsiz olduğumu bilir. Bunun üçün bəziləri kimi, bütün günü gedib yanlarında oturub başlarını ağrıtmalısan. Məndə də belə xasiyyət yoxdur. Tək mən deyiləm, işsiz qalan o qədər məşqçi var ki. Heç kim adına görə iş verilməsini və ya baş məşqçi qoyulmasını istəmir. Köməkçi də, aşağı yaş qruplarında da ola bilər. Mütəxəssislərə imkan yaratsınlar, ondan sonra işlərinə qiymət versinlər. İnanın, elə futbol məktəbi var ki, orada işləyənlərin çoxunu tanımıram. Valideyn də uşağını tanıdığı adamın yanına aparmaq istəyər”.

Shares: