Voleybol üzə Azərbaycan çempionatının ilk yarısındakı oyunlarının nəticəsinə əsasən 3 xal toplayan “Gəncə” klubu “Milli Aviasiya Akademiyası” ilə birlikdə turnir cədvəlində 3-4-cü yerləri bölüşdürür.
Baş məşqçi komandanın çıxışını qənaətbəxş hesab edir. O, müəyyən səbəblərdən bəzi oyunlarda tam gücləri ilə çıxış etmədiklərini dilə gətirib.
Sergey Çasnavitski artıq bütün diqqətin ikinci dövrəyə və pley-offa yönəldiyini də qeyd edib: “Daha yaxşı ola bilərdi. Əvvəllər də dəfələrlə bildirdiyim kimi, ilk mərhələdə 4 dövrə oynayırıq. Əsas məqsəd pley-offa yüksəlməkdir. Bunlar da ilk 4 komandadır. Pley-offda isə artıq toplanan xallar qeydə alınmır. Bu mərhələdə artıq medallara köklənirik. Məğlub olanlar isə mübarizəni tərk edir”.
Qeyd edək ki, “Gəncə” voleybol klubu Yüksək Liqanın VIII turunun UNEC-lə ev oyununu Tovuz şəhərində keçirəcək. Yanvarın 13-də Tovuz Olimpiya İdman Kompleksində oynanılacaq görüş saat 16:00-da başlayacaq. Komandanın ölkə çempionatındakı növbəti ev matçlarından bəzilərinin də başqa bölgələrdə oynanılacağı bildirilir.
BƏHRUZ MUSAYEV, GƏNCƏ