“Sumqayıt” klubunun müdafiəçisi İsa Sulimanın futbolinfo.az saytına müsahibəsi
- Antalya toplanışı necə keçdi? Komandanız mövsümün ikinci yarısına tam hazırdır?
- Toplanış çox yaxşı keçdi. Çempionatın ilk yarısı bitəndən sonra qısa istirahətə ayrıldıq. Bundan sonra hazırlığa start verdik və ağır məşqlər keçdik. Rumıniyanın “Hermanştadt” klubu (0:3) və Özbəkistan təmsilçisi “Soqdiana” (3:1) ilə yoxlama matçlarında gücümüzü sınadıq. Ümumilikdə, Antalya toplanışı bizim üçün yaxşı alındı.
- Qış fasiləsinə 4-cü pillədə yollandınız. Yəqin ki, bu nəticə sizi qane etdi…
- Əlbəttə, qane etdi. Amma biz daim oyunumuzu təkmilləşdirmək və turnir cədvəlində mümkün qədər yuxarı pillələrə qalxmaq istəyirik. İşimizdən razıyıq, lakin daha yaxşısını edə biləcəyimizi anlayırıq və buna çalışırıq.
- Qış fasiləsindən sonra ilk oyununuzu səfərdə “Qəbələ”yə qarşı keçirəcəksiniz. Mövsümün ikinci yarısına qələbə ilə başlamaq mümkün olacaq?
- Məqsədimiz Premyer Liqanın ikinci hissəsinə qələbə ilə başlamaq və uğurlu çıxışımızı davam etdirməkdir. “Qəbələ” ilə səfərdə keçirdiyimiz son matçda çox əziyyət çəkmişdik. Buna baxmayaraq, kompakt oynayaraq Sumqayıta 3 xalla qayıtmağı bacarmışdıq. Budəfəki qarşılaşmada da eyni nəticəni təkrarlayacağımıza ümid edirəm.
- Çempionatın ikinci yarısında hədəf nə olacaq? Hazırkı mövqeyinizi qorumaq, yoxsa bir qədər də yuxarı pillələrə qalxmaq barədə düşünəcəksiniz?
- Çempionatı mümkün qədər yuxarı pillələrdə bitirməyi hədəfləmişik. Bundan əlavə, Azərbaycan Kubokunda da yolumuza davam etmək istəyirik.
- “Sumqayıt” üçün önəmli oyunçulardan sayılsanız da, zədələr sizə mane olur. Karyeranızda heç belə halla üzləşmişdiniz? Çempionata fərdi olaraq tam hazırsınız, yoxsa formanızı bərpa etmək üçün bir qədər də vaxta ehtiyacınız var?
- Karyeramın əvvəlki illərində də zədələr və uğursuzluqlar yaşamışam. Bu, futbolun bir hissəsidir. Hazırda özümü yaxşı və hazır hiss edirəm. Çempionatda fasilənin bitməsi üçün səbirsizlənirəm.
- Baş məşqçiniz Samir Abasovu bir mütəxəssis kimi necə xarakterizə edərdiniz?
- Çılğın, futbol ehtirası olan məşqçidir. Abasov oyunçuları üçün ən yaxşısını istəyir. Bizi hər gün daha hazırlıqlı olmağa sövq edir. Bu cür məşqçimizin olması bizi sevindirir.
- Azərbaycan Premyer Liqasında oynamaq ürəyinizcədir?
- Ürəyimcədir. Azərbaycan çempionatı rəqabətli liqadır. Burada iştirak edən hər komanda fərqli keyfiyyətlərə, üstünlüklərə sahibdir.
- Bir müdafiəçi olaraq, çempionatımızda çıxış edən hansı hücumçuları təhlükəli hesab edirsiniz?
- Çempionatda keyfiyyətli, özünəməxsus oyun tərzi olan hücumçular var. Konkret bir forvardın adını çəkməyəcəyəm. Hər birinə qarşı oynamaqdan həzz alıram.
ABBAS