Azərbaycan millisinin sabiq baş məşqçisi Canni de Byazi “Partizan”ın hücumçusu Mateus Saldanyanın İtaliyada oynamasının tərəfdarıdır.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis vaxtilə “Neftçi”də oyunlarını canlı izlədiyi braziliyalının xidmətini “Torino”ya təklif edib.

De Byazinin fikrincə, A Seriyası təmsilçisi hücum xəttindəki problemini məhz Saldanya ilə həll edə bilər: “Saldanya ikinci hücumçu kimi də oynamağı bacaran solaxay mərkəz hücumçusudur. Yaxşı texniki keyfiyyətlərə və fiziki quruluşa malikdir. Assist etməyi də yaxşı bacarır. Saldanya Serbiyada çoxlu qollar vurur, potensialını nümayiş etdirir. Fikrimcə, o, daha rəqabətli çempionatlarda yoxlanılmalıdır”.

Qeyd edək ki, Saldanyanın adı “Beşiktaş”, “Fənərbağça” və Rusiya klubları ilə birgə hallanır. 24 yaşlı forvard 2023-cü ilin ilk 6 ayını “Neftçi”də keçirib.

Shares: