Gəncədə həmişə “Kəpəz”in gürcüstanlı futbolçularına xüsusi maraq göstərilib, onlar isti münasibətlə qarşılanıb. Hazırda oğlu “Napoli”də çıxış edən Badri Kvaratsxeliyadan başlayan sevgi bu gün də davam edir. Vaxtilə komandamızın qazandığı titullarda vurduğu qollarla pay sahibi olmuş bombardir o dövrdən həmyerliləri haqqında müsbət düşüncələrin formalaşmasının əsasını qoyub. Elə bu mövsüm Georgi Papunaşvili də baxımlı oyunu ilə azarkeşlərin rəğbətini qazanıb. Pleymeyker mövqeyində çıxış edən futbolçu yaradıcı üslubu ilə komandanın oyununa bəzək vurur, diqqəti çəkir. Bunu nəzərə alaraq klubun mətbuat xidməti yarımmüdafiəçi ilə həmsöhbət olub.

Futbolinfo.az xəbər verir ki, Papu əvvəlcə “Kəpəz” haqqında fikirlərini söyləyib.

– Elə ilk gündən komanda məndə xoş təəssürat yaratdı. Futbolçu yoldaşlarım, məşqçilər, klubun digər üzvləri mənimlə çox səmimi və mehriban davrandılar. Heyətdə Gürcüstandan olan həmyerlim var. Uyğunlaşmaqda onun mənə çox köməyi oldu. “Kəpəz” Azərbaycanda zəngin tarixi olan bir komandadı. Builki çıxışımız haqqında isə onu deyə bilərəm ki, əla, möhtəşəm deyil, ancaq biz təslim olmamışıq, mübarizə aparırıq. Qarşımıza çıxan, yolumuzu kəsməyə çalışan rəqiblərlə oyunda əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Bu istər “Qarabağ”, istər “Neftçi” olsun, mənim və komandamızın məqsədi qələbə qazanıb, irəli getməkdir.


– Vaxtilə Almaniyada, İspaniyada oynamısan. Azərbaycana üz tutmağını necə qiymətləndirirsən?
– Oyunçuların karyerasının yaxşı və pis anları olur. Əlbəttə, əgər sən əvvəllər “Verder” Bremen, “Real Saraqosa” kimi klublarda oynayıbsansa və bundan sonra geri Gürcüstana, Azərbaycana qayıdırsansa, insanlar bunu karyera enişi kimi qiymətləndirirlər. Amma yenə də irəliləməyə çalışmalısan. Düşünürəm ki, çətin günlər artıq arxada qalıb. Mübarizəyə davam etməlisən, üzərində çalışmalısan, özünü ən yaxşı tərəfdən göstərməlisən. Səbrli olmalısan, vaxtını gözləməlisən. Bu anda “Kəpəz”ə təşəkkürümü bildirmək istəyirəm. Məni yenidən həyata qaytardı, sevindirdi, üzümü güldürdü. Buradayam, bacardığımın ən yaxşısını nümayiş etdirməyə çalışıram, komandaya faydalı olmaq istəyirəm. Klubuma  uğur əldə etmək üçün kömək edirəm. Həmçinin, gənc oyunçularımıza dəstək olmağa çalışıram. Bəli, hazırda burada xoş günlər yaşayıram.

– Uzun illər Avropada böyük şəhərlərdə, gur mühitdə yaşamısan. Gəncədə darıxmırsan?
– Gəncəlilər futbolu, “Kəpəz”i çox sevirlər. Bu, mənə xoş gəlir. Mənim üçün isə burada yaşamaq… Bilirsiz, diqqətimi ancaq oyunlara yönəltmişəm. Hər gün məşq edirəm. Yalnız oyunlar haqqında düşünürəm. Burada tək yaşasam da, bu, mənim üçün problem deyil. Ölkəm Gəncəyə yaxındır. Dostum Mate də darıxmağa qoymur. Bir yerdə vaxt keçiririk. Ümid edirəm yaxınlarda ailəm də bura gələ biləcək. Özümü yalnız hiss etmirəm. Burada həm Azərbaycandan, həm də Gürcüstandan olan çoxlu dostlarım var. Mənim üçün haradasa tək yaşamaq problem deyil. Çünki Avropada da tək yaşamışam.


– Futbolçu olmağına əsas səbəb nə olub?
– Uşaq vaxtından futbola böyük marağım olub. Valideynlərim danışırdılar ki, gecələr topla yatırdım. Hamı kimi küçədə futbol oynamışam və elə o yaşlardan futbolun həyatıma böyük təsiri olub. Bunu hiss edən valideynlərim mənə dəstək olublar və böyüyəndə peşəkar futbolçu olmağımı istəyiblər.


– Papuya güc verən nədir?
– Karyeramda çətin anlar çox olub. Amma heç vaxt təslim olmamışam, ruhdan düşməmişəm. Prinsiplərim mənə güc verib. Hazırda əsas düşüncəm “Kəpəz”i Premyer Liqada saxlamaqdır. Mənə motivasiya verən də budur. Sadəcə, hər zaman irəliyə getmək barədə düşünməlisən. Heç vaxt təslim olmamalısan. Və əminəm ki, mənim yaxşı günlərim hələ qabaqdadır. Hələ heç nə bitməyib.


– Futbol aləmini iki yerə bölən sual: Messi, yoxsa Ronaldo?
– Messinin istedadına və ustalığına vurğunam. Ronaldonun isə insani keyfiyyətlərinə heyranam. 

Shares: