Yanvarın 19-u Azərbaycan futbolu üçün unudulmaz tarixdir. 2005-ci ilin məhz bugünkü günündə “Neftçi” “Birlik Kuboku” turnirində Ermənistanın “Pünik” klubu üzərində tarixi (2:0) qələbə qazanıb. Üstündən 19 il keçsə də, həmin möhtəşəm qalibiyyət yaddaşlardan silinməyib, silinə də bilməz.

“Pünik”lə qarşılaşma müstəqillik dönəmində Azərbaycan klubunun ermənilərlə ilk dueli idi. Həmin dövrdə torpaqlarımızın 20 faizinin erməni işğalı altında olması, matçın ertəsi gününün soydaşlarımıza qarşı törədilən 20 Yanvar faciəsinin növbəti ildönümünə təsadüf etməsi oyunun məsuliyyətini bir qədər də artırırdı. Bütün azərbaycanlılar bu çətin sınaqda “Neftçi”dən ancaq və ancaq qələbə gözləyirdilər. “Ağ-qaralar” onlara bəslənən etimadı doğruldaraq, ağır görüşdən üzüağ çıxmağı bacardılar.

“Gecə həyəcandan rahat yata bilmədik”

Tarixi matçın iştirakçılarından olan Mahmud Qurbanov üçün zəngin karyerasının ən unudulmaz oyunu məhz “Pünik”lə qarşılaşmadır. Futbolinfo.az saytı ilə fikirlərini bölüşən “professor” ləqəbli veteran futbolçu 19 il əvvəlki qələbəni yada salıb: “Üstündən illər keçsə də, həmin qələbə bizim yaddaşımızda daim qalacaq. “Birlik Kuboku”nun 1/4 finalında ermənilərlə qarşılaşası olduq. Oyun Moskvada keçirilirdi. Qarşımızda kimlərin olduğunu yaxşı dərk edirdik. Yadımdadır, ermənilərlə oynayacağımı biləndən sonra biz – bir qrup futbolçular otelin otağına yığışıb öz aramızda matçı müzakirə etdik. Açığı, bir az həyəcanlı idik. Bilirdik ki, tək özümüzü yox, Azərbaycanı təmsil edirik. Oyunun yanvarın 19-na düşməsi məsuliyyətimizi daha da artırırdı. Səhərisi 20 Yanvar faciəmizin ildönümü idi. Futbolçularla aramızda bu barədə danışdıq. Həmin gecə həyəcandan rahat yata bilmədik. Anlayırdıq ki, bütün gözlər bizdədir. Allaha şükürlər olsun, bu matçda qələbə qazandıq. Özü də inamlı qələbə əldə etdik. Səhərisi gün, yəni yanvarın 20-də komanda olaraq Azərbaycanın Rusiyadakı səfirliyinə getdik və 20 Yanvar şəhidlərini, faciə qurbanlarını yad etdik. Allah bütün şəhidlərimizə rəhmət etsin. Bu oyun yaddaşımda həmişəlik qalacaq. Ermənilər üzərindəki qələbə karyeramının ən gözəl, vacib və yaddaqalan qələbəsidir. Karyeramda çox çempionluq görmüşəm, amma bundan şirin qalibiyyət olmayıb”.

“Komandada hər kəs qol vurmaq istəyirdi”

Matçı yüksək səviyyədə keçirən Qurbanov vurulan hər iki qolda pay sahibi olub. Özü də həmin anları yaxşı xatırlayır: “Bu görüşdə iştirak edən, ehtiyatda qalan, həmçinin bizi dəstəkləyən hər kəsin qələbədə payı var. Heç kim əlindən gələni əsirgəmirdi. Həmin oyunda tək “Neftçi” fanatları yox, bütün Azərbaycan bizə azarkeşlik edirdi. Yaxşı xatırlayıram, ilk qolda Tomislav Vişeviçin ötürməsindən sonra top önümə düşdü, mən də qapıya zərbə vurdum. Rəqib qapıçı zərbəni dəf etsə də, Adamiya qayıdan topu qapıdan keçirdi. İkinci qolda isə bir ötürmə ilə Azərbaycanın gəlib-keçmiş ən yaxşı futbolçularından olan Vidadi Rzayevi qapıçı ilə təkbətək çıxartdım, o da soyuqqanlı zərbə ilə ikinci qolu vurdu. Komandada hər kəs qalib gəlmək, qol vurmaq istəyirdi. Təkcə qollar yox, oyunun hər məqamı yadımdadır. Daha böyük hesabla qələbə qazanmaq şansımız var idi. Bir epizodda top dirəkdən qayıtdı”.

2ae4fca6 b82c 4ac3 8a07 5724e4722d7a - Futbolinfo.az

“Onları əvvəlcə meydanda, sonra isə otelin foyesində əzdik”

Matçın gedişində tez-tez gərgin anlar yaşanırdı. Yaşıl meydanda uduzan ermənilər hirslərini oteldə dava salaraq çıxmaq istəsələr də, futbolçularımız yenə “Pünik”in üzvlərinə yerlərini bildirmişdilər: “Toqquşmalar oyunun gedişində artıq başlamışdı. Amma matçdan qabaq hər iki tərəfə tapşırılmışdı ki, dava düşməsin. Arenanın bir tərəfində azərbaycanlı azarkeşlər, digər tərəfində ermənilər əyləşmişdilər. Təşkilatçılar hər şeyi nəzərə alaraq, təhlükəsizlik tədbirləri görmüşdülər. Biz onları əvvəlcə yaşıl meydanda, matçdan sonra isə “Kosmos” otelinin foyesində əzdik. Ermənilərə Moskvada, başqa millətlərin gözünün qabağında qalib gəlmək qələbənin kəsərini bizim üçün bir qədər də artırırdı. Onu da deyim ki, müstəqillik dövründə Azərbaycan klubları arasında ermənilərlə ilk dəfə biz qarşılaşmışıq. Sonrakı ildə “Neftçi” yenə ermənilərlə üz-üzə gəlməliydi, amma rəqib həmin oyuna çıxmadı. Daha sonra isə “İnter” “Birlik Kuboku” turnirində erməniləri məğlub etdi. Amma yaşıl meydanda Ermənistan klubu üzərində ilk qalibiyyəti biz əldə etmişik”.

“Qələbəmizdə ermənilərə acıqlı olmağımız da rol oynadı”

Qurbanov bizimlə söhbətdə “Pünik”i üstələdiyimiz, qələbədə mühüm rol oynayan komponentləri də açıqlayıb. O bildirib ki, oyundan öncə “Neftçi”də heç kəs məğlubiyyəti ağlından belə keçirməyib: “Heyətimiz çox güclü futbolçulardan qurulmuşdu. Fərdi cəhətdən rəqib oyunçuları üstələyirdik. Bir də bizdə komanda ruhu var idi. Qələbəmizdə bu amillərlə yanaşı, onlara qarşı acıqlı olmağımız da rol oynadı. Həmin vaxt torpaqlarımızın bir hissəsi işğal altında olduğu üçün heç olmasa futbol meydanında ermənilərdən əvəz çıxmaq istəyirdik. Uduzmaq barədə ümumiyyətlə düşünmürdük. Düzdür, matçdan öncə həyəcan var idi. Amma məğlub olmağı ağlımızdan belə keçirmirdik. Çünki uduzmağa haqqımız yox idi. Oyun günü qələbəyə inamımız daha da artmışdı. Necə qalib gələ biləcəyimizi öz aramızda müzakirə edirdik. Yaxşı başa düşürdük ki, Azərbaycan xalqı bu görüşdə bizdən ancaq qələbə gözləyir”.

“Ən yadda qalan məqam ölkə başçısının bizi qəbul etməsi oldu”

“Neftçi”nin sabiq yarımmüdafiəçisi ermənilər üzərindəki qələbəyə görə müxtəlif mükafatlar aldıqlarını açıqlayıb. Bundan əlavə, Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin həmin vaxt onları qəbul etməsindən bəhs edib: “Qələbə qazandığımız üçün “Neftçi”nin ovaxtkı prezidenti Rövnəq Abdullayev bizə mükafat verdi. Turnir bitən kimi Moskvada yaşayan azərbaycanlı iş adamları bizi “Praqa” restoranında şam yeməyinə dəvət etdilər. Vəzifəsindən, kimliyindən asılı olmayaraq, hər kəs “Neftçi”nin qələbəsinə sevinirdi. Azərbaycana qayıtdıqda azarkeşlər bizi hava limanında möhtəşəm qarşıladılar. Bakıya gəldikdən sonra bir nüfuzlu iş adamı Bakı Əyləncə Mərkəzində bizi toplayaraq mükafat təqdim etdi. Ən yadda qalan məqam isə ölkə başçımız, cənab İlham Əliyevin bizi şəxsən qəbul etməsi oldu. Prezident görüş zamanı hamımızı təbrik etdi, xoş sözlər dedi, bizi təriflədi. Həmin görüşdən xatirə şəklimiz də var”.

FƏRİD

Shares: