“Qəbələ”nin braziliyalı müdafiəçisi Lukas Afriko Portuqaliya mətbuatına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, vaxtilə oynadığı ölkə barədə müsbət fikirlər səsləndirən 28 yaşlı futbolçu “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Braqa” önündə şanslarını da dəyərləndirib.

– Portuqaliyada soyuqdan şikayətlənirik, Qəbələdə axşam saat 5-də neçə dərəcə var?

– Mənfi bir dərəcə soyuq olur.

– Düşünürəm ki, bu, ən böyük problemlərdən biri olub. Bu təcrübədə başqa nə ilə qarşılaşdınız?

– Bəli, soyuq onlardan biridir. Amma sosial həyat da belədir. Portuqaliyada olmaq asan idi. Braziliyaya bənzəyir, eyni dili paylaşırıq, insanlar arasında əlaqələr yaratmaq asandır. Azərbaycanda mədəniyyət fərqlidir, müəyyən çətinliklər yaşadım. Amma burada oynayan və qaldığım evə yaxın olan bəzi braziliyalılarla tanış olmağım bir az işimi asanlaşdırdı. Yeni təcrübədən həzz alıram və bundan maksimum yararlanmaq istəyirəm.

– Ən çox nədən ötrü darıxırsan?

– Sosial həyatım, dostlarla daha yaxın olmaq, qısa səfərlərə imkan verən bir yerdə olmaqdan ötrü. Futbol bir az fərqlidir, lakin həm də çox standartlaşdırılıb. Burada rəqabətin səviyyəsi məni müsbət mənada təəccübləndirdi, yaxşı komandalar və oyunçular var. Beş il Portuqaliyada keçirdim, Avropa futboluna öyrəşmişəm. Azərbaycan da geri qalmayıb, bura da yaxşıdır.

– Klesio Baukla birlikdə çıxış edəcəksiniz…

– O, hələ Afrika Millətlər Kubokunda mübarizə aparır.

– Səyahətinizdən bir az danışın.

– Portuqaliyaya qədər Braziliyada oynadım, San-Pauloda hazırlaşdım, “Korintians”la 20 yaşadək komandalar arasında çempion oldum, “Santos”da 23 yaşadək futbolçulardan ibarət komandada yer aldım. 2018-ci ildə “Maritimu”ya getdim. Təklifi alanda heç düşünmədim. Arzum Avropada oynamaq idi və birbaşa Madeyraya getdim. Əvvəlcə təəccübləndim, nə dediklərini başa düşmədim. Amma bu, gözəl təcrübə idi. 2018-19 mövsümündə “Maritimu”da oynadım, növbəti mövsüm “Eştoril”ə icarəyə verildim. “Eştoril”də də gözəl vaxt keçirdim. Komanda əla idi, amma diz zədəsi səbəbindən 10 ay oynamadım.

– “Qəbələ”də “Braqa”nın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Qarabağ”la iki dəfə üz-üzə gəlmisiniz, hətta qol da vurmusunuz…

– Bəli, vurmuşam. “Qarabağ” Azərbaycanın ən böyük komandasıdır. Çox yaxşı oyunçular var, bəziləri Juninyo, Riçard Almeyda kimi Portuqaliyada oynayıb. Onlar “Braqa”nı yaxşı tanıyırlar. Bir-birinə yaxın gücdə, iki bacarıqlı komandanın dueli olacaq.

– “Qarabağ”ın güclü tərəfləri nələrdir?

– Onların yaxşı baş məşqçisi var, keçidlərdə çox sürətlidirlər. Çox adamla hücuma keçirlər. Həm də müdafiə olunmağı bacarırlar və aqressivdirlər.

– Portuqaliya liqasında oynamış futbolçularla bu barədə danışırsınız?

– Bəli, danışıram, Juninyo və Riçardla möhkəm dostluğum var, bir neçə dəfə görüşdük, nahar etdik. “Braqa” ilə oynayacaqlarını biləndə çox sevindilər. Çətinliklərlə qarşılaşacaqlarının fərqindədirlər, lakin Portuqaliya həmişə xoş xatirələr gətirir.

– Nəvaxta qədər müqaviləniz var?

– İyuna qədər. Daha bir il uzatmaq olar.

– Portuqaliyaya qayıtmaq istərdiniz?

– Gələcəkdə yenidən Portuqaliyaya qayıtmağa hazır olacağam. Ora böyük sevgim var.

ABBAS hazırladı

Shares: