“Sabah”ın serbiyalı futbolçusu Boyan Letiçin futbolinfo.az saytına müsahibəsi

– Qış fasiləsindən sonra Premyer Liqada keçirdiyiniz ilk oyunda “Neftçi” ilə qolsuz heç-heçə etdiniz. Oyunla bağlı fikirləriniz necədir?

– Düzünü desəm, heç-heçədən razı deyiləm. “Neftçi”yə qalib gəlmək istəyirdik. İlk hissədə yaxşı oynadıq. Lakin fasilədən sonra ilk yarıdakı qədər fəal deyildik. Ümumi götürsək, heç-heçənin ədalətli nəticə olduğunu qeyd edərdim.

– Bu yaxınlarda “Qarabağ”a keçən Aleksey İsayevin yoxluğunu “Neftçi” ilə oyunda hiss etdiniz?

– Bu, futbolun bir parçasıdır. Əlbəttə, Aleksey çox yaxşı futbolçudur və komandanın əsas heyət üzvlərindən biri idi. Lakin gedişi bizə problem yaratmamalıdır. Çünki hazırda komandada kifayət qədər yaxşı futbolçu var.

– Çempionatın ilk yarısında uğurlu çıxış edə bilmədiniz. Fasilədən sonra istədiyiniz nəticələri əldə edə biləcəksiniz?

– Sadəcə, onu deyə bilərəm ki, daha yaxşı olacağına, çempionatın ikinci yarısında uğurlu nəticələr qazanacağımıza inanıram. Nəyin necə olacağını zaman göstərəcək.

– Qış fasiləsində sizinlə birlikdə bəzi komandalar Türkiyəyə toplanışa yollandıqları halda, bəziləri hazırlıq prosesini Azərbaycanda keçirdilər. Antalyada toplanışda olmağınız sizə hər hansı üstünlük qazandıra bilər?

– Hazırlığın harada keçirilməsindən daha çox futbolçuların hazırlığa yanaşması rol oynayır. Harada hazırlıq keçməyindən asılı olmayaraq, məşqlərdə maksimumunu ortaya qoymalı, var qüvvənlə çalışmalısan. Yalnız bu halda hazırlığın müsbət təsirini görə bilərsən.

– “Sabah” üçün mövsümün ikinci yarısında əsas hədəf nədir?

– Əsas məqsəd oyundan-oyuna özümüzü inkişaf etdirmək, oyunumuzu təkmilləşdirməkdir. Əlbəttə, sonda avrokuboklara vəsiqə qazanmağımızı istərdim.

– Azərbaycan çempionatında öz mövqeyinizdə ən yaxşılardan hesab olunursunuz. Bəs, Premyer Liqada kimə qarşı oynayanda çətinlik çəkirsiniz?

– Belə düşündüyünüz üçün təşəkkür edirəm. Ancaq mən daha çox oyunuma köklənir, özümü daha da inkişaf etdirməyə və meydanda komandama maksimum kömək etməyə çalışıram. Digər futbolçuların oyununa elə də diqqət yetirmirəm. İnanıram ki, qarşıdakı matçlarda da komandamın yaxşı nəticələr qazanması üçün maksimum kömək edə biləcəyəm.

– Qış fasiləsində hansısa klubdan təklif almışdınız?

– Bəli, təkliflər var idi. Hazırda ancaq komandamın uğurları barədə düşünürəm. Buna görə də təkliflərə fikir vermirəm.

AĞA

Shares: