Avstraliyada bu gün ¼ finalın qalan iştirakçıları müəyyənləşib. Kişilərin mübarizəsində nəticələr gözlənilən kimi olub.

Rusiyalı Daniil Medvedev günün ilk oyununda portuqaliyalı Borjesi məğlubiyyətə uğradıb. Bunun üçün ona 4 set lazım gəlib. Servislərdə güclü olan iki tennisçinin qarşılaşmasında Hurkaç qalib olub. Artur Qazu ilə oyunun ilk 2 seti tay-brekə qədər davam edib. Polyak tennisçi hər iki tay-brekdə qalib gəlib. 3-cü setdə isə bir o, breyk etməklə ¼ finala yüksəlib. Hurkaçın yarımfinala çıxması üçün Medvedevi məğlub etməsi lazımdır.

Almaniyalı Aleksandr Zverevlə Britaniya təmsilçisi Kameron Norrinin oyunu maraqlı alınıb. 5 set davam edən qarşılaşmanın taleyini tay-brek həll edib. Zverev daha dəqiq olaraq görüşü qələbə ilə yekunlaşdırıb – 7:5, 3:6, 6:4, 3:6, 7:6. Onun növbəti mərhələdə rəqibi ispan tennisçi Karlos Alkaras olacaq. Reytinqin 2 nömrəsi çətinlik çəkmədən Miromir Kejmanoviçi məğlub edib – 6:4, 6:4, 6:0.

Qadınların yarışında oyunlar qısa çəkib. Ukraynalı Yastremska belaruslu Azarenkaya qalib gəlib. Digər ukraynalı tennisçi Svitolina isə zədə səbəbindən 1-ci setdə Noskovanı təbrik etmək məcburiyyətində qalıb. Kalinskaya Paolinini, Jenq isə Dodini iki setdə məğlub edərək növbəti mərhələyə adlayıb.

Xatırladaq ki, həm kşilərin, həm də qadınların yarışında digər 1/4 finalçıların adına dünən aydınlıq gəlmişdi.

Shares: