Misli Premyer Liqasında mövsümün ikinci yarısı qalmaqallarla başlayıb. Yenə hakim səhvləri ön plandadır. Və bu səhvlərin bir qayda olaraq, eyni komandalara qarşı edilməsi artıq təsadüf sayılmamalıdır.
“Sabah”la “Neftçi”nin iştirakı ilə bazar günü baş tutan açılış matçında olduğu kimi, turun ikinci oyununda da qol vurulmaması həm də bərabər qüvvəli rəqiblərin üz-üzə gəlməsi ilə bağlı idi. Yuxarı pillələr uğrunda mübarizə aparan “Səbail”lə “Zirə”nin bir-birindən çox üstün olmadığını matçın gedişi də göstərdi. Tərəflər müəyyən vaxt aralığında üstünlük qazansa da, bunu hesabda əks etdirə bilmədi.
Bununla belə, oyunun nəticəsini hakim müəyyənləşdirdi. Matçın sonlarında Rüstəm Əhmədzadəyə qarşı kobudluğa görə penaltinin təyin edilməməsi birbaşa niyyətin göstəricisi idi. Bu mövsüm bəlli oyun taktikası olan, etibarlı müdafiə olunub yaratdığı azsaylı epizodlarda qələbəni təmin etmək bacarığı ilə seçilən “Zirə” yenə eyni işi görürdü. Və Rəşad Sadıqov əvəzetmələr sayəsində oyunda üstünlük qazanmağı bacarmışdı. Lakin hakimlər dünən “Səbail”in məğlub olmaması üçün lazım olanı etdi.
Doğrudur, “Səbail” rəqibindən heç də aciz təsir bağışlamırdı. Amma futbol səhvlər oyunudur və həmin epizodda səhvi “dənizçilər”in müdafiəçisi Adil Nağıyev etdi. Gəl ki, “gözəgörünməz qüvvələr” hakimlərə hansı tapşırığı vermişdisə, VAR-ın müdaxiləsi də heç nəyi dəyişmədi. Referinin gözü önündə baş verən, hətta təkrarını izləməyə gərək duyulmayan epizod VAR-da “incələnməsinə” rəğmən, qayda pozuntusu sayılmadı.
Qolsuz bitən daha bir görüş komandaların qış hazırlığından sonra ehtiyatlı oynaması barədə düşüncələri gücləndirdi. Lakin Qəbələdə sükutu erkən pozan “Turan Tovuz” qələbə istədiyini göstərdi. Burada qonaq olan “Kəpəz” isə rəqibinin uzaqlaşmasına imkan vermək istəmədiyindən, risk etməyə borclu idi. Gəncəlilər təzyiqi artıran kimi tovuzlular səhv etdi, Faiq Hacıyevin qüsurlu sürüşmə fəndi komandasının azlıqda qalması ilə nəticələndi.
10 nəfərlə qalan “Turan Tovuz”un müqaviməti erkən qırıldı. Daha yaxşı oynayan “Kəpəz” fasiləyədək hesabı bərabərləşdirdi, ikinci hissədə isə qələbə qolunu vurdu. Nominal qonaqlar say azlığının əziyyətini ciddi şəkildə çəkdi və matçda dönüş yarada bilmədilər. Amma…
…amma hakimlər ədalətli olsaydı, oyuna ikili standartlarla yanaşmasaydı, bəlkə də Qərb derbisinin nəticəsi fərqli olar, tovuzluların hesabı dəyişmək üçün şansı olardı. Gəl ki, fit sahibləri “Turan Tovuz”u azlıqda qoyduğu epizodun eynisi “Kəpəz”in futbolçusunun ifasında yaşandıqda özünü “korluğa qoydu”. Halbuki ədalətli hakimlik olsaydı, gəncəlilər də azlıqda qalmalıydı və qalan dəqiqələrdə nələrin baş verəcəyini bilmək olmazdı.
Bu yazıda futbol müzakirə edilməli, komandaların oyununa diqqət yönəlməli idi. Məşqçilərin taktiki gedişləri, futbolçuların çıxışı ön plana çəkilməliydi. Lakin Azərbaycan hakimliyi o qədər bərbad durumdadır ki, referilər oyun idarə etmir, onların özünü idarə edirlər. Hakimlər də insandır, səhv edə bilərlər, amma hətta texnologiyanın yardım etdiyi bir zamanda qərarlar birmənalı olaraq eyni komandaların əleyhinə verilirsə, deməli, meydandakı futboldan danışmağa gərək yoxdur.
“Zirə” illərdir hakim səhvləri üzündən layiq olduğu nəticələri qazana bilmir. Ardıcıl hakim səhvləri bu komandanın saysız-hesabsız xallar itirməsi ilə müşaiyət olunub. Bu mövsümün ilk yarısında fit sahibləri komandaya qarşı “müəyyən səbəblərdən” ədalətli davrandı, “qartallar” uzun müddət zirvədə əyləşdi, izləyiciləri ilə xal fərqini açdı, lakin AFFA-nın FIFA-da vəzifə sahibi olan vitse-prezidenti Elxan Məmmədovun qəsəbə stadionuna səfəri ilə hər şey dəyişdi. Onun minnətçi kimi yanında gətirdiyi FIFA-nın baş katibi Fatma Samuranın “Zirə” rəhbərliyi ilə görüşündə nə baş verdisə, bu komanda hər tur hakimlərdən zərbə alır. Görünür, AFFA rəhbərliyinə növbəti seçkilər ərəfəsində rəqib kimi görülən “Zirə” rəhbərliyinin “məsləhət”ə qulaq asmamasının cavabı belə verilir.
“Turan Tovuz”a qarşı edilən hakim səhvləri seriala çevrilib, istənilən oyundan bir neçə kritik qərar tapmaq olar. Çünki qərb təmsilçisinin rəhbərliyinə də mütərəqqi qüvvələr gəlib, iş adamları futbola sərmayə qoymağa başlayıb, Məmmədovun əmri ilə oturub-duranların qol-qanadı qırılıb. Elxan bəy bunu bağışlayarmı? Rəqib kim olursa-olsun sevindiriləcək, təki tovuzlular qələbə qazanmasın.
Bu seriya növbəti turda da davam edəcək. İllərdir Məmmədovun bəslədiyi şəxslərin doldurulduğu “Səbail” təkcə “Zirə” ilə matçda hədiyyə edilən xalla kifayətlənməyəcək, növbəti həftə Tovuzda da hoqqa çıxarılacaq. Elxan bəyin kənardan idarə etdiyi komanda üst pillələrdə olmalı, düşmən seçilən klublar büdrəməlidir. Məmmədova itaət edən hansısa klubun bu mövsüm hakim səhvindən əziyyət çəkdiyini görmüsüzmü? Bu gün “Qəbələ”nin də başına “Sumqayıt”la oyunda eyni torbanı tikəcəklər.
Hakimlər Komitəsi bu gün Peşəkar Futbol Liqasının kurasiyasındadır. Bu qurumun rəhbərliyi məlum avtoqəzadan sonra məcburən kənarda qalıb, Məmmədov isə komitəyə illərdir yerləşdrdiyi şəxslərin sayəsində hər cür hoqqadan çıxır. O, bir güllə ilə iki dovşan vurur – həm lazım bildyi klubları cəzalandırıb öz kadrlarına şans verir, həm də ölkə futbolunda bilərəkdən xaos yaradır ki, AFFA-dan uzaq qalmasının fəsadlara səbəb olduğunu nümayiş etdirsin. Bu hərəkətlər özü də növbəti seçkilər öncəsi “təbliğat kampaniyası”nın tərkib hissəsidir. Barış Şimşəkdən Cavid Cəlilova kimi – Məmmədovun təyin etdiyi şəxslərin idarə etdiyi komitədən başqa nə gözləmək olar?
Dünən baş tutan oyunların vacib epizodlarına baxıb niyyəti, qərəzi, məqsədi aydın şəkildə görmək olar. Futbolun müzakirəsini unudun, indi onu kabinetlərdə oynayırlar və qol ötürmələri Parisdən gəlir. Fransa Azərbaycana qarşı təkcə siyasət meydanında düşmən deyil, qoynuna aldığı Məmmədov da ölkə futbolunu qarışdırmaqdadır.
FƏRİD