İspaniya Sequndasında çıxış edən “Burqos”un futbolçusu Kurro Sançes karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolinfo.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, 28 yaşlı sağ vinger Premyer Liqa klubundan təklif alıb.
Azərbaycanın adı açıqlanmayan klubu ilə yanaşı, Kurronun xidmətində Polşa, Portuqaliya, Yunanıstan, Türkiyədən, eləcə də İngiltərə Çempionşipindən bir komanda maraqlıdır. Oyunçunu istəyənlərdən birinin də “Beşiktaş” olduğu bildirilib.
Qeyd edək ki, Kurro Sançes bu mövsüm 23 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə verib. Onun “Burqos”la müqaviləsi mövsümün sonuna qədərdir.