Azərbaycan milli komandasının sabiq baş məşqçisi Qyoko Haciyevski yığmamıza əcnəbi həmkarının gətirilməsini istəmir. Vaxtilə “Bakı” və “Simurq” klublarını da çalışdırmış makedoniyalı bu barədə futbolinfo.az saytına açıqlamasında danışıb.
Azərbaycanla bağlı yaxşı xatirələri olan çalışdırıcı ölkəmizdən təklif almadığına təəccübləir: “Son 10 ildə Azərbaycandan heç bir təklif almamışam. Açığı, buna özüm də çox təəccüblənirəm. Çünki ölkənizdə çox yaxşı nəticəyə imza atmışam. Azərbaycanı hamı ilə dost münasibətində tərk etmişəm. Bunlara rəğmən, təklif almamağımın səbəbini bilmirəm”.
Haciyevski Canni de Byazinin boşaltdığı milli komandanın baş məşqçi postunu yerli çalışdırıcının tutmasını məsləhət bilir: “Yığmada əcnəbi məşqçiyə ehtiyacınız yoxdur. Çünki seçmə mərhələdə 5-6, maksimum 7-8 xal qazanmaq üçün çoxlu pul xərcləyib xarici məşqçi gətirmək vacib deyil. Özünüzün güclü mütəxəssisləriniz var. Qurban Qurbanov, Rəşad Sadıqov, Arif Əsədov, Nazim Süleymanovun adını çəkə bilərəm. Onların hər biri millini çalışdırmağa layiqdir və hazırdır. Bəzi məşqçilərin adlarını unuda bilərəm, buna görə üzr istəyirəm”.