“Səbail” klubunun baş məşqçisi Şahin Diniyevin futbolinfo.az saytına müsahibəsi
– Mövsümün ikinci yarısına “Zirə” ilə qolsuz heç-heçə edərək başladınız. Startı uğurlu saymaq olar?
– Düşünürəm ki, çempionatın ikinci hissəsinə uğurlu olmasa da, uğursuz da başlamadıq. Bu heç-heçə bizim üçün çox vacib idi. Turnir cədvəlində liderlərdən geri qalmamaq üçün 1 xal indiki durumda böyük önəm kəsb edirdi. Çünki heyətlə bağlı 6 itkimiz var. Zədəli futbolçuların yerini doldurmaq çətindir. Heyətdəki itkilərə görə daha çox hücum potensialımız itib. Yeni iki futbolçu gətirməyimizə baxmayaraq, onlar hələ hazır deyillər. Bərabərsəviyyəli oyun getdi, hər iki komanda xal qazandı. Matç yaxşı mübarizə şəraitində keçdi. Qazandığımız xal gələcəkdə bizə kömək edəcək.
– Cari mövsümdə keçirdiyiniz 3 görüşün heç birində “Zirə”yə qalib gələ bilməmisiniz. Bunun səbəbini nədə görürsünüz?
– Həqiqətən, bu, faktdır. Ancaq hər 3 görüşdə bərabərsəviyyəli oyun gedib. Tək bir görüşdə uduzmuşuq. İkinci oyunda 2:1 hesabı ilə öndə olsaq da, üstünlüyümüzü sonadək saxlaya bilmədik. Bu dəfə də heç-heçə qeydə alındı. Üç görüşün hansısa dəqiqələrində biz üstün olmuşuq, hansısa dəqiqələrində “Zirə”. Hansısa hissələrdə biz daha yaxşı təsir bağışlamışıq, hansısa hissələrdə rəqib. Hər iki komandanın bir-biri ilə layiqli rəqabət apardığını düşünürəm.
– Səlahət Ağayevin yoxluğunda qapı xəttində Hüseynəli Quliyev yer almışdı. Onun çıxışından razı qaldınız?
– Səlahət zədəli futbolçularımızdan biridir. Səlahət, Nir Bardea, Süleyman Əhmədov, Cabir Əmirli, Ağabala Ramazanov və David Qomisin olmaması bizim üçün problemdir. Ancaq düşünürəm ki, Hüseynəli “Zirə”yə qarşı yaxşı oyun keçirdi. Əgər qapısını toxunulmaz saxlayıbsa, deməli, işinin öhdəsindən gəlib. İnamlı təsir bağışladı. Sevinirəm ki, iki bərabərsəviyyəli qapıçımız var.
– “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov komandasının lehinə verilməyən penalti epizodunu əsas gətirərək, hakimlikdən narazı qalıb. Siz Fərid Hacıyev və köməkçilərinin idarəçiliyindən razı qaldınız?
– Hakimliklə bağlı mən bir söz demirəm, ancaq Rəşad Sadıqovun fikirlərinə hörmətlə yanaşıram. Yəqin o epizodda hansısa nüans var ki, penalti təyin edilməyib. Hakimlikdən şikayətim yoxdur. Fərid Hacıyev ən yaxşı oyunlarından birini keçirdi. Oyunun ipini əlində saxlamışdı. Mənə elə gəlir ki, verdiyi qərarlar da düzgün idi.
– Yeni transferləriniz – Madi Keta və Ayub Masikanın komandaya tam adaptasiyası üçün nə qədər zaman lazımdır?
– Tam uyğunlaşmaları üçün bir az vaxt lazımdır. Onları birdən-birə odun içinə atmaq olmaz. Düşünürəm ki, iki həftəyə yaxşı formada oyunlarımıza qoşula biləcəklər.
– “Səbail” mövsümün sonunda avrokuboklara vəsiqə qazanan komandaların sırasında ola biləcəkmi?
– Əgər bu mübarizədəyiksə və avrokuboklar zonasına düşməyə şansımız varsa, niyə də bundan maksimum istifadə etməyək?! Nə qədər şansımız varsa, o qədər də vuruşacağıq. Axıra qədər mübarizə apararaq, avrokuboklara vəsiqə qazanmağa çalışacağıq.
FƏRİD