“Gəncə” basketbol klubu ölkə çempionatının ikinci dövrəsində 3-cü oyununa çıxacaq. İkinci yarının ilk iki görüşündə qələbə qazanmaqda çətinlik çəkən komandanın işləri bir az da çətinləşib.
Belə ki, 11-ci turda “Xəzri” ilə oyunda komandanın aparıcı oyunçularından biri Kenyon Dulinq zədələnib. Basketbolçunun zədəsi ciddi olduğundan o, artıq komandaya dəstək ola bilməyəcək və müalicəsini davam etdirmək üçün yaxın zamanda vətəninə yollanacaq.
Baş məşqçi Bedri Meriçin sözlərinə görə, komandaya yeni basketbolçu qatılmayacaq və “Gəncə” mübarizəni bu heyətlə davam etdirəcək: “Hazırkı kollektivlə davam edəcəyik. Çünki hazırda yaxşı yeni oyunçu tapmaq çox çətindir. Növbəti matçımız NTD-yə qarşıdı. Turnir cədvəlində yüksək pillədə olan kollektivdir. Çətin vaxtlar yaşayırıq. Sona qədər mübarizə aparacağıq. Komanda olaraq əlimizdən gələni edəcəyik. Öz meydanımızda yaxşı oyun nümaiş etdiririk. Matçın sonuna qədər başabaş mübarizə aparırırq. Lakin nəticə almaqda çətinlik çəkirik. Düşünürəm bu dəfə nəticə əldə edəcəyik və qələbə qazanacağıq”.
Komandanın amerikalı legioneri Culius Mur da qarşıdakı oyuna ümidlə baxır: “Həyəcanla növbəti oyunu gözləyirik. Komanda yoldaşlarım həm fiziki, həm də psixoloji cəhətdən oyuna hazırdırlar. Komandamıza xal lazımdır. Qələbə qazanmaq istəyirik. Kenyonun başına gələn uğursuzluqdur. O çox güclü idmançıdır, zədəsini sağaldacaq və karyerasına davam edəcək”.
Gəncə təmsilçisi aktivindəki 14 xalla 9-cü pillədə mövqe tutub, “NTD-İndiqo” 20 xalla ilk üçlüyü qapayır. Tərəflər arasında görüş sabah Gəncə Olimpiya İdman Kompleksində keçirləcək.
BƏHRUZ MUSAYEV, GƏNCƏ