“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, komandasının 1:3 hesablı məğlubiyyətini belə şərh edib:
“İlk hissədə yaxşı “Səbail” görmədik. İrəlidə kəskinlik çatışmır. Ucuz qollar buraxırıq. Bu, məni çox üzür. Komandada zədəlilər də çoxdur. Yeni transferlərimiz də oynayır. Zamana ehtiyac var. İkinci hissədən çox razıyam. Komandamı uğursuz saymıram. Qarşıda daha yaxşı “Səbail” görəcəyik. “Turan Tovuz” çox yaxşı motivasiya olmuşdu.
Hakimlər də səhv edə bilər. Amma biz belə şeylərə köklənsək, itirəcəyik. Sonrakı proseslər mənasızdır. Məğlubiyyətin əsas səbəbi bizik. Səbəbi kənarda axtarsaq, bu, bizə uğur gətirməyəcək. Uşaq səhvləri etdik. Amma komanda sınmadı. İkinci qolu da vura bilərdik.
Bəzi futbolçular olmadığı üçün sistemi dəyişmişəm. İkinci hissədə dördlü müdafiəyə keçdik. Bundan sonra müdafiədə səhvlər olmadı. Yeni transferlər formasını bərpa etdikdən sonra ritmə düşəcəyik”.