Yunan-Roma güləşi üzrə millimiz Xorvatiyada təlim-məşq toplanışını başa vuraraq vətənə qayıdıb.
Futbolinfo.az xəbər verir ki, komandanın kapitanı Eldəniz Əzizlinin xroniki zədəsi davam edir.
Reytinq turnirində iştirak etməyən 3 qat dünya və 2 qat Avropa çempionu Poreçdə keçirilən təlim-məşq toplanışı zamanı ağrıları artdığı üçün vətənə erkən qayıdıb. Ötən il Avropa çempionatından öncə döş sümüyündən aldığı zədə özünü göstərdiyi üçün intensiv məşqlərdən kənarda qalıb. Həkimlərin tövsiyəsinə əsasən, titullu güləşçimiz bir neçə ay bərpa prosesi keçməli və yüngül məşqlərlə kifayətlənməlidir. Bu isə o deməkdir ki, Eldəniz 12-18 fevralda keçiriləcək Avropa çempionatında iştirak edə bilməyəcək. Nəzərinizə çatdıraq ki, Əzizli son 6 qitə birinciliyində çıxış edib.
Digər zədəli güləşçilərimizin vəziyyəti isə normaldır. Reytinq turnirində zədələnən Nihat Məmmədli və Murad Məmmədovun durumu müsbətə doğru gedir. Zədələndikləri üçün Poreç toplanışında iştirak edə bilməyən güləşçilərimiz böyük ehtimalla, Avropa çempionatında iştirak edə biləcək. Eyni sözləri xəstələndiyi üçün Xorvatiyaya yollanmayan Rafiq Hüseynov haqqında söyləyə bilərik.
Qeyd edək ki, millimiz Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək qitə birinciliyinə son hazırlıq prosesini Azərbaycan Güləş Federasiyanın təlim-məşq bazasında keçəcək.