“Qarabağ”ın futbolçusu Patrik Andradenin formasını geyindiyi Kabo Verde yığması Afrika Millətlər Kubokunda (AMK) 1/4 finala yüksəlib.

Futbolinfo.az xəbər verir ki, 1/8 finalda Mavritaniya üzərində qazanılan 1:0 hesablı qələbədən sonra Andrade yerli mətbuata fikirlərini bölüşüb.

Yarımmüdafiəçi addım-addım irəliləməyin tərəfdarı olduqlarını bildirib: “Belə düşünmək daha yaxşıdır. Görək növbəti oyun necə olacaq? Özümüzə, məşqçimizə güvənirik və yolumuza davam etmək üçün əzmlə çalışmaqda davam edəcəyik”.

Oyunçu havanın isti keçməsinin matçlara təsirsiz ötüşmədiyini əlavə edib: “Çox isti olduğu üçün bir az çətin alındı. Axırıncı dəfə dekabrın 24-də oynamışdım. İsti havada yüksək temp göstərmək bir az çətin idi. Ancaq oyunumuzdan razıyıq”.

Qeyd edək ki, Kabo Verde yığmasının 1/4 finaldakı rəqibi Mərakeş – Cənubi Afrika cütünün qalibi olacaq.

Shares: