“Neftçi”nin sabiq qapıçısı, 2005-2010-cu illərdə “ağ-qaralar”ın formasını geyinmiş Vladimir Miçoviçin futbolinfo.az saytına müsahibəsi

– Hazırda hansı işlə məşğulsunuz? Məşqçilik edirsinizmi?

– Artıq məşqçi kimi çalışmıram. Hazırda idman agentliyinin marketinq direktoruyam.

– Azərbaycanla bağlı xatirələriniz necədir?

– Ölkəniz haqda çox gözəl xatirələrim qalıb. Çox şadam ki, uzun müddət Azərbaycanda yaşamaq və “Neftçi” kimi komandada oynamaq mənə qismət olub.

– Hazırda Azərbaycan futbolunu izləyirsiniz? Futbolumuzda baş verən hansı dəyişikliklər sizi sevindirir, hansılar məyus edir?

– Bəli, Azərbaycan futbolunu izləyirəm, daim diqqətdə saxlayıram. Sevindirən məqam odur ki, artıq bütün klubların yaxşı stadionları, əla ot örtüyünə malik meydançaları var. Bu, Azərbaycan futbolunun səviyyəsinin qalxmasına imkan verir. Məyus edən məqamlara gəlincə, ilk növbədə “Neftçi”nin çıxışını deməliyəm. Komanda çempion ola bilmir. “Neftçi” son illərdə cəmi 1 dəfə çempionluğa nail olub ki, bu, azarkeşləri qane edə bilməz. Bir də Azərbaycan yığmasının yaxşı nəticələr qazana bilməməsi məyusedicidir.

– Sizin də qeyd etdiyiniz kimi, “Neftçi” uzun müddətdir gözləntiləri doğrulda bilmir. Bunun səbəbini nədə görürsünüz?

– Çempion ola bilməmələrinə çox üzülürəm, axı söhbət “Neftçi”dən gedir. Bu klubun azarkeşləri ən yaxşı nəticələrə layiqdirlər. Bu illər ərzində klub rəhbərləri dəyişilsə də, görünür, hər dəfə eyni səhvi buraxırlar. Məşqçi və futbolçu seçimi doğru edilmir.

– Ötən yay böyük ümidlərlə baş məşqçi postuna gətirilən Adrian Mutu etimadı doğrultmadı və komandadan göndərildi. Sizcə, onun yerinə təyin olunan Miodraq Bojoviç “Neftçi”nin oyununu və nəticələrini yaxşılaşdıra biləcək?

– Bojoviçi yaxşı tanıyıram. Ümid edirəm ki, o, “Neftçi”də müsbətə doğru dəyişikliklər edəcək və komanda rəhbərliyi altında yaxşı nəticələrə imza atacaq. “Neftçi”yə və Bojoviçə azarkeşlik edəcəyəm.

– Azərbaycandan kimlərlə əlaqəniz qalıb? Köhnə komanda yoldaşlarınızla ünsiyyətiniz davam edir?

– Bəli, Azərbaycanda çoxlu dostlarım və keçmiş komanda yoldaşlarım var, onlarla ünsiyyətimiz davam edir. Əlaqəmizin qalmasına çox sevinirəm. Hər dəfə onlarla danışanda xoş xatirələri yada salırıq.

– Azərbaycandan ötrü darıxırsınız? Məşqçi kimi ölkəmizdə çalışmaq istərdiniz?

– Əlbəttə, darıxıram. Uzun müddət ölkənizdə yaşamışam. Təbii ki, Azərbaycana qayıtmaq və orada məşqçi kimi fəaliyyət göstərmək ürəyimcə olardı. “Neftçi”nin əsas komandasında məşqçi işləmək istərdim. Azərbaycanda yaşadığım müddətdə 2 il yarım “Neftçi”nin akademiyasında fəaliyyət göstərdim. Həmin vaxt hər şey əla idi.

– İndiki “Neftçi”də hansı futbolçuları bəyənirsiniz?

– Hazırkı “Neftçi”də bəyəndiyim və bəyənmədiyim bir çox futbolçu var. Ancaq adlarını çəkməyəcəyəm. “Neftçi”yə azarkeşlik edirəm, edəcəyəm də. Klub rəhbərliyinə və Bojoviçə uğurlar arzulayıram.

FƏRİD

Shares: