Milli komandamızın məşqçisi Arif Əsədov “Sabah”ın böyükhesablı məğlubiyyətini gözləmirmiş. Təcrübəli çalışdırıcı ölkə kubokunun 1/4 finalında böyükhesablı yenilginin hamı üçün sürpriz olduğunu düşünür.

Əsədov 1:7 hesabından sonra “Sabah”ın yarımfinal şansının qalmadığına əmindir: “Təbii ki, “Sabah”ın bu hesabla uduzacağını heç kim gözləmirdi. Bu cütdə ilk oyundaca qeydə alınan böyükhesablı məğlubiyyət birtərəfli şanslar yaratdı. Hər iki komanda hücumameylli futbol nümayiş etdirdi və açıq futbol getdi. Bilirik ki, “Qarabağ” daim “1 nömrə” kimi oynayır. Amma “Sabah” da evdəki matçda qollar vurmaq, qalib gəlmək istəyirdi ki, ikinci görüşdə rəqibin müqavimətinə tab gətirməklə mərhələ adlasın. Ancaq açıq futbol, daha çox əks-hücumdan vurulan qollar “Sabah”a problem yaratdı”.

Arif bəy istefa verən Murad Musayevin gedişinin nəticələrini proqnozlaşdırmaqda çətnlk çəkir: “Yəqin ki, rəhbərlik tərəfindən bütün detallar nəzərə alınıb və klubun xeyrinə olduğu üçün bu addım atılıb. Musayev “Sabah”dakı ilk mövsümündə komandanı tanıdı və formalaşdırdı, ikinci sezonunda nəticə verdi. Amma cari mövsümdə komandanın çıxışında eniş müşahidə olundu. Bunu klubdan ayrılan oyunçularla da əlaqələndirmək olar. Lakin inkişaf etmək istəyən klub 1-2 futbolçudan asılı olmamalıdır. Gedənin yerinə eləsi gətirilməlidir ki, komandanın oyun fəlsəfəsi, strategiyası pozulmasın”.

Shares: