Azərbaycan Premyer Liqasının 21-ci turunun “Səbail” – “Qarabağ” oyunundan (1:2) sonra Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşma haqda fikirlərini açıqlayıb:
“Futbolçularımı təbrik edirəm. Çox vacib üç xal əldə olundu. Matç gərgin keçdi. Çox yaxşı və istəkli komanda ilə qarşılaşdıq. Sonda qalib gəlməyi bacardıq. Hər iki komandaya uğurlar arzulayıram. Belə meydançada topla davranmaq asan olmur. Bu, hər iki komanda üçün belədir. Amma rəqib burada daha çox matç keçirdiyi üçün özünü yaxşı hiss edir. Bizdə bu baxımdan problemlər olur. Hər görüşdə dominant futbol oynaya bilmərik”.
Mütəxəssis rotasiyalar barədə də danışıb: “Braqa” ilə matça qədər vaxtımız var. Heyətimizdə mərkəz müdafiəçiləri az deyil. Futbolçuların başqa mövqelərdə oynamasını düşünmürəm. Hər oyunda rotasiyalar olur. Bu gün Yassin Benzianı 60 dəqiqə oynadı. Marko Yankoviç də formadan uzaqdır. Rotasiyalar olacaq. Əsas heyəti qarşıdakı turlarda tam formalaşdır cağıq”.