“Sabah”ın idman direktoru İqor Ponomaryov komandanın digər məşqçilərindən daha faydalıdır. Ona heç vaxt uzun müddət güvənilməsə də, statistika məhz bunu deyir.
Futbolinfo.az xəbər verir ki, Murad Musayevin istefasından sonra ardıcıl 3-cü dəfə “Sabah”a müvəqqəti məşqçi təyin edilən mütəxəssis komandanı ümumilikdə 11 oyuna çıxarıb. Bu görüşlərdə 6 qələbə və 3 heç-heçəyə sevinən Ponomaryov, 2 dəfə də məğlubiyyətə üzülüb. Düzdür, bu görüşlərdə protokola müxtəlif köməkçi məşqçilərin (Rəşad Eyyubov, Ruslan Qafitullin və b.) adı yazılıb, lakin hamısında məsuliyyət Ponomaryovda olub.
“Qarabağ” üzərində son kubok qələbəsi ilə statistikasını yaxşılaşdıran mütəxəssis əvvəllər bir neçə klubda işləyib. İsveçdə uşaq komandaları ilə çalışan mütəxəssisin ilk əsas iş yeri 2000-ci ilin yayında təyinat aldığı milli komandamız olub. “Sirianska” (İsveç), “Qarabağ”, “Maşuk” (Rusiya) və “Xəzər Lənkəran”da çalışmış Ponomaryov 15 ildir məşqçilik etmir.