Moskva “Spartak”ının futbolçusu Kuinsi Promesin həbs olunması Rusiyada çıxış etmiş qalmaqallı oyunçuların gündəmə gəlməsinə yol açıb.
Futbolinfo.az “rusfootball.info”ya istinadən xəbər verir ki, Rusiya futbolunda “qaranlıq” keçmişi olan 11 nəfər sıralanıb.
Maraqlıdır ki, onlar arasında hazırda karyerasını Azərbaycanda davam etdirən Ayaz Quliyev də var. Hazırda “Sabah”ın formasını geyinən 27 yaşlı yarımmüdafiəçi məhz “Spartak”ın yetirməsidir. O, ilk illər müxtəlif klublarda icarədə oynayıb, ardından “Rostov”a satılıb. Lakin 2019-cu ildə yenidən “Spartak”a qayıdıb.
Elə həmin il “Mercedes” markalı avtomobili ilə az qala piyadanın həyatına son qoyacaqdı. Həmin şəxsə qəzəblənən oyunçu maşından düşərək onunla mübahisəyə girişib. Nəticədə Amerika vətəndaşının burnunu qırıb.
Quliyevin bəxti onda gətirib ki, həmin ərəfələr ictimaiyyətin başı Aleksandr Kokorin və Pavel Mamayevin qalmaqalına qarışıb. Üstəlik, zərərçəkən təzminat qarşılığında şikayətini geri çəkmiş, Quliyevin həbsinə ehtiyac qalmamışdı. Lakin “Spartak” transferin uğursuz olduğunu başa düşərək, onunla yolları ayırıb.
Qeyd edək ki, Ayaz Quliyev “Sabah”a 2023-cü ilin yayında “Ximki”dən keçib.