AFFA-nın milli komandaların təlim-məşq mərkəzi kimi inşa etdirdiyi “Dalğa Arena”nın adı dəyişir. Stadion tezliklə yeni sponsorun adını alacaq.
Futbolinfo.az xəbər verir ki, bugünədək nəzdində olan bir neçə arenaya sponsor taparaq stadionları adını onlara satan AFFA yenə eyni addımı atır. Mərdəkandakı idman qurğusu ilə bağlı da razılaşma var və tədbir bu həftə reallaşacaq.
Yeni sponsor heç də yad biri deyil. Son illər ölkə futbolunda bağlanan bir sıra müqavilələrlə aktiv rol alan “Bona Dea” indi adını stadiona verəcək.
2009-cu ildə təməli qoyulan, 2011-ci il iyunun 6-da istifadəyə verilən “Dalğa Arena” 6500 tamaşaçı tutumuna malikdir. Bugünədək stadionda milli komandalarımızın, klublarımızın çoxlu beynəlxalq oyunları keçirilib. Ölkə klublarının zaman-zaman müvəqqəti ev sahibi kimi yararlandığı arena hazırda “Araz-Naxçıvan”ın xidmətindədir.
Qeyd edək ki, addəyişmə tədbirinin baş tutmamaq ehtimalı da var. “Bona Dea”nın məhz indi, növbəti AFFA prezidenti seçkiləri öncəsi səhnəyə çıxması təsadüf ola bilməz. Proseslərin kimlərinsə seçki kampaniyasına xidmət etməsi mümkündür və bunun qarşısını almaq istəyən qvvələr də olacaq.