“Red Bull Racing”in rəhbəri Kristian Hornerlə bağlı araşdırmalar davam edir. Müxtəlif mətbuat orqanları onun yerinə mümkün namizədlərin adlarını çəkir.
Almaniyanın “Auto Motor und Sport” nəşri Hornerin istefaya göndəriləcəyi təqdirdə komandaya rəhbərlik edə biləcək 5 mütəxəssisin adını açıqlayıb.
Nəşr əsas namizəd kimi uzun illər “Red Bull Racing”in meneceri olmuş Conatan Vitlini hesab edir. Karyerasını bitirdikdən sonra “Red Bull” ilə əməkdaşlığı davam etdirən və Avstriya brendinin səfiri olan sabiq pilot Devid Kulthardın şansları da kifayət qədər yüksək qiymətləndirilir.
Kristian Hornerin potensial varisi arasında keçmiş britaniyalı pilot Oliver Ouks da var. Hazırda o, gənclər seriyasında qurduğu “Hitech” komandasına rəhbərlik edir.
Digər potensial əvəzedici 2022-ci ilin sonunda “Ferrari” tərəfindən istefaya göndərilən Mattia Binottodur. O, artıq bir illik məcburi məzuniyyətini başa vurub. Qaydalara əsasən, ona “Ferrari”ni tərk etdikdən sonra Formula 1-də bir il işləməyə icazə verilməyib. Digər məlumata görə, “Audi” komandası da Binotto ilə maraqlanır.
Alman nəşri, bu yaxınlarda tutduğu vəzifədən istefaya göndərilmiş daha bir keçmiş Formula 1 komandasının rəhbərinin adını çəkir. Söhbət əvvəllər “Alpine”, “Aston Martin/Racing Point” komandalarına rəhbərlik etmiş Otmar Safnauerdən gedir.