“Qarabağ”ın sabiq futbolçusu Georgi Adamiyanın futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin səfərdə keçirilən ilk oyununda “Braqa”nı məğlubiyyətə uğratdı. Ağdam klubunun Portuqaliyadakı 4:2 hesablı qalibiyyət sizin üçün də gözlənilməz oldu?

– Bəli, gözlənilməz oldu. Razılaşaq ki, heç kim bu hesabı gözləmirdi. Məncə, “Qarabağ”ın Portuqaliyadakı 4:2 hesablı qalibiyyəti hər kəsi təəccübləndirdi. Onu da qeyd edim ki, “Braqa”nı onun meydanında bu hesabla üstələmək çox çətin işdir. Elə bu qələbə “Qarabağ”ın gücündən xəbər verir. Portuqaliyadakı nəticə şəxsən mənim üçün xoş sürpriz oldu.

– “Qarabağ”ın ilk görüşdəki qələbəsində əsas pay sahibi Abdullah Zubirin olduğunu söyləmək olar? Yoxsa Azərbaycan çempionunun səfərdə komanda şəklində inamlı təsir bağışladığı qənaətindəsiniz?

– Düzdür, Zubir ilk oyunda 2 qol vurdu, Juninyo və Yankoviç isə hərəyə 1 dəfə fərqləndilər. Bununla belə, “Qarabağ”ın heyətində kimisə fərqləndirmək istəmirəm. Çünki komandanın hər bir üzvü “Braqa” ilə görüşdə əla çıxış etdi.

– Bu gün komandalar arasında Bakıda cavab oyunu keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda anşlaq olacaq, bütün biletlər satılıb…

– Belə də olmalı idi. Azərbaycan futbolu üçün çox vacib oyundur. Azarkeşlər “Qarabağ”ı 90 dəqiqə ərzində dayanmadan dəstəkləməlidirlər.

– “Qarabağ”dan bugünkü matçda hansı nəticəni gözləyirsiniz?

– Məncə, Bakıda da “Braqa”nın işi çətin olacaq. “Qarabağ”ın cavab görüşündə məğlub olmayacağına və növbəti mərhələyə adlayacağına əminəm.

– Əksəriyyət oyunun ilk 15-20 dəqiqəsinin “Qarabağ” üçün daha çətin keçəcəyini düşünür. Razısınız ki, həmin dəqiqələrdə qapısının toxunulmazlığını saxlamaq Ağdam klubu üçün çox önəmlidir?

– Bu məqam məni narahat etmir. Düşünürəm ki, “Qarabağ” oyunun əvvəlində qol buraxsa belə, komandanın məğlubiyyətdən xilas olmaq üçün ruhu və gücü var.

– “Braqa”nın heyətində hansı futbolçunu daha təhlükəli sayırsınız?

– “Braqa”nın heyətində yaxşı futbolçular çoxdur. Ancaq bir nəfərin adını xüsusi vurğulamaq istəyirəm. Abel Ruizi nəzərdə tuturam. Ona qarşı daha diqqətli oynamaq lazımdır.

– “Qarabağ” “Braqa”nı mübarizədən kənarlaşdıracağı halda, növbəti mərhələdən də üzüağ çıxa bilərmi?

– Dediyim kimi, mən “Qarabağ”ın növbəti mərhələyə adlayacağına əminəm. Ancaq sonrasını heç kim deyə bilməz. Püşkün nəticəsindən çox şey asılıdır. Püşkatmadan, yəni “Qarabağ”ın rəqibi bilinəndən sonra bu barədə konkret danışmaq olar.

FƏRİD

Shares: