“Barselona”nın qapıçısı Mark-Andre Ter Ştegen Kataloniya klubunun heyətində UEFA Çempionlar Liqasında ən çox oyun keçirən ikinci əcnəbi futbolçu olub.

Futbolinfo.az xəbər verir ki, almaniyalı qapıçı 1/8 final mərhələsində İtaliya “Napoli”si ilə ilk görüşdə bunu reallaşdırıb.

1:1 hesabı ilə yekunlaşan qarşılaşmada Ter Ştegen kataloniyalıların forması altında ÇL-də 81-ci oyununu keçirib. Bununla da o, komandanın sabiq braziliyalı futbolçusu Dani Alvesi geridə qoyub.

Almaniya millisinin üzvü yalnız argentinalı hücumçu Lionel Messidən geri qalır. Hazırda karyerasını ABŞ-da davam etdirən 36 yaşlı futbolçu “Barselona”nın heyətində Çempionlar Liqasında 149 matçda meydanda olub.

“Barselona” ilə “Napoli” arasında cavab oyunu martın 12-də keçiriləcək.

Shares: