MBA-da bu gecə 12 oyun baş tutub. Luka Donçiçi gecənin qəhrəmanlarından biri saymaq olar.

“Dallas Maveriks”in basketbolçusu arenaya Madrid “Real”ının formasında gəlib. Görüşdə 41 xal toplayan sloveniyalı komandasının “Finiks Sans” üzərində qələbəsində önəmli rol oynayıb – 123:113. Qonaq komandada Buker 35 xal toplayıb.

Şərq konfransının liderlərindən biri “Klivlend Kavalers” doğma arenada “Orlando Mecik”ə məğlub olub – 109:116. Coel Embiidin yoxluğunda “Filadelfiya Siksers”in uğursuzluğu davam edir. Bu dəfə onlar evdə “Nyu-York Niks”ə 96:110 hesabı ilə məğlub olublar. Meydan sahiblərinin heyətində Maksi 35 xal toplayıb.

Qərb konfransının liderlərinin görüşü fasiləyə qədər gərgin alınıb. 3 və 4-cü periodlarda “Oklahoma-Siti Tanders” “Los-Anceles Klippers”i darmadağın edib – 129:107. “Boston Seltiks” Çikaqo səfərində də qalib gəlib. 129:112 hesabı ilə bitən görüşdə qonaqların lideri Ceyson Teytum 25 xal toplayıb.

“Hyuston Rokets” isə növbəti səfər məğlubiyyəti ilə üzləşib. Texaslılar “Nyu-Orlean Pelkians” qarşısında aciz qalıblar – 105:127. “Rokets”in heyətində ən məhsuldar basketbolçu 20 xal toplayan Alperen Şengün olub.

Son çempion “Naggets” doğma arenada “Vaşinqton Vizards”dan 130:110 hesabı ilə üstün olub. Nikola Yokiç tripl-dabl edib. Serbiyalı basketbolçunun aktivində 21 xal, 19 ribaund və 15 asist var. Beləliklə də o, MBA-da qarşılaşdığı bütün komandalarla oyunlarda tripl-dabl etməklə nadir göstəricilərdən birinə imza atıb.

Shares: