Uzun illərin elmi araşdırmaları sübut edib ki, istənilən fiziki hərəkətlər insanın həzz hormonlarının artmasına və koqnitiv qabiliyyətlərin inkişafına gətirib çıxarır. Bunları yada salmaqda məqsəd insanların idmanla məşğul olmasının vacibliyini bir daha göstərməkdir.
Müntəzəm məşqlər ürək və qan-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. Bununla da ürək xəstəliklərinin qarşısını almış olur. İdman həm də şəkərli diabet və xərçəngə qarşı mübarizə vasitəsidir. Fiziki tərbiyə insanın çəkisinə nəzarət etməyə imkan yaradır, sümük və əzələlərin bərkiməsində xüsusi rol oynayır. Bir sözlə, müntəzəm idman qocalığa qədər insanı tonusda saxlayır. Ən başlıcası isə fiziki tərbiyə insanın əhval-ruhiyyəsinin daim yaxşı vəziyyətdə qalmasına şərait yaradır.
1. Təmrinlər və məşqlər daha aydın düşünməyə və daha düzgün qərar verməyə kömək edir
Fiziki hərəkətlilik beynin ventral prefrontal hissəsini fəaliyyətə qoşur. Bu hissə qərar qəbul edərkən başlıca rol oynayır. Beynin bu hissəsi insanın emosiyalarına da cavabdehdir.
2. Təmrinlər və məşqlər əhval-ruhiyyəni qaldırır
Ventral prefrontal hissə insanın neqativ emosiyalarını süzgəcdən keçirir. Xüsusilə də qorxunun şüddətini müəyyənləşdirir və vəziyyətin hansı dərəcədə riskli olduğunu qiymətləndirir. Yüksək fiziki aktivlik beynin həmin hissəsinin öz işini daha yaxşı görməsinə yol açır, nəticədə insanın əhvalı yaxşı qalır.
3. Təmrinlər və məşqlər stresslə mübarizədə əsas köməkçi vasitələrdən biridir
İdmanla məşğulluq beyində başqa bir dəyişikliyə də şərait yaradır. Serotonin ifraz edərək əhvalın tənzimlənməsində rol oynayan dorsal nüvənin vəziyyətini dəyişir. Bu hissənin əsas funksiyalarından biri P maddəsinin köməkliyilə stress haqqında məlumat verməkdir. P maddəsi taxikinin ailəsindən olan substansiyadır. Onun geniş biloji spektri var. Bu maddə damarların genişlənməsinə şərait yaradır, arterial təzyiqə təsir göstərir, kapilyar keçilmzəliyi böyüdür, orqanizmin prolaktindən və maddələr mübadiləsi hormonlarından xilas olmasına kömək göstərir. Bundan başqa, P maddəsinin digər funksiyası ağrı impulslarını mərkəzi beyin sisteminə ötürməkdir.
4. Təmrinlər və məşqlər həyəcan və gərginliyi aşağı salır
Məşqlər serotoninin səviyyəsini qaldırır, bunun da nəticəsində əhval-ruhiyyə yüksəlir və neqativ emosiyalar aşağı düşür. Bu, dərhal baş vermir. Belə bir hal məşqə başladıqdan 40 dəqiqə sonra hiss edilir. Bu isə o deməkdir ki, işdən əvvəl trenajor zalında və yaxud, hansısa başqa bir yerdə idmanla məşğul olmusunuzsa, bu sizin pozitiv olmanıza gətirib çıxaracaq.
5. Məşqlər və təmrinlər yaddaşı yaxşılaşdırır
Bu barədə kifayət qədər elmi məqalələr yazılıb. Təmrinlər və məşqlər hippokampın artmasına gətirib çıxarır. Bu hissə yeni xatirələrin yaranmasında və əvvəlkilərin bərpasında önəmli rola malikdir.
6. Təmrinlər və məşqlər insanın koqnitiv funksiyalarını yaxşılaşdırır
Araşdırmalar göstərir ki, hətta ən kiçik intensiv məşqlər insanın əqli fəaliyyətinə təsir edir. Bunun üçün tərləyənə qədər məşq etməyə ehtiyac yoxdur. Əyilib qalxmaq və bir neçə dəfə çəkinmək öz faydasını verə bilir.
7. Məşqlər və təmrinlər ağrının azalmasına kömək edir
İdmanla məşğul olanlar “atletin eyforiyası” adlanan deyimdən xəbərdardır. Bu məfhum uzun müddətli fiziki yük zamanı ağrının azaldılması deməkdir. Bunun üçün uzun marafon məsafəsini qaçmaq lazım deyil. Araşdırmalara görə qısa müddətli məşqlər də bu hissin yaranmasına gətirib çıxara bilər. Buna misal kimi, akvaaerobikanı qeyd edə bilərik.
8. Məşqlər və təmrinlər öz bədənindən razılıq hissinin yaranmasına səbəb olur
Adətən idmanla məşğul olan insanlar öz bədən quruluşundan razılıq hissinə sahibdirlər. Daha çox idmanla məşğul olanlarda bu hiss az idman edənlərlə müqayisədə daha artıqdır.
9. Məşqlər və təmrinlər sizi xoşbəxt edir
Araşdırmalar sübut edir ki, idmanla məşğul olanlar , bunu etməyənlərdən daha xoşbəxtdirlər. Bunda təəccüblü bir şey yoxdur. Əvvəlki 8 bəndə fikir verdikdə, bunun nədən qaynaqlandığını görmüş oluruq.
İLQAR AĞAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu