“Qarabağ” 2-ci pillədəki rəqibini 21 xal qabaqlayır. 2-ci yerlə “Qəbələ” arasındakı fərq də məhz bu qədərdir. Ona görə də ağdamlıların rəqibini darmadağın etməsində (4:0) qəribə heç nə yoxdur.
Ağır qrafikdə oynayan “Qarabağ”ın təxirə salınmış oyunda büdrəməsi mümkün idi. Oyunçular çox yorulub, bu səbəbdən Qurban Qurbanov səfər oyununa ehtiyatdakıların ağırlıq təşkil etdiyi heyətlə çıxmışdı. Üstəlik, “Qəbələ”nin yeni baş məşqçisinə qovuşması futbolçuları ayıltmalı idi.
İlk yarıda Kaxaber Sxadadzenin üslubunu “Qəbələ”dəki ilk işartıları göründü. Rəqibəə epizod verməyən meydan sahibləri cinahlarda üstünlük qazanıb əks-hücumlarda fərqlənməyə çalışırdı. Lakin “qırmızı-qaralar” oyun intizamını yalnız 45 dəqiqə qoruya bildi. Qonaqların təzyiqi fasilədən həmən sonra rəqibin ardıcıl səhvlərinə yol açdı. Ardıcıl 4 qolun arasına sığan qırmızı vərəqə ilə meydan sahiblərinin məğlubiyyəti rəsmiləşdi.
Elmar Baxşıyevin “Qəbələ”si bəlkə də belə uduzmazdı. Sabiq baş məşqçi hücum futbolunu xoşlayırdı və komanda da buna uyğun yığılıb. Ona görə Sxadadzeyə heç də asan olmayacaq. Ancaq geriyə yol yoxdur, gürcü məşqçi əlindəki materiala uyğun davranıb situasiyanı dəyişməlidir.
“Qarabağ”a gəlincə, komanda bəzi lider futbolçuların yoluğunda da tapşırığın öhdəsindən gəldi. Xüsusilə Adama Diakabinin formaya düşməsi komanda adına sevindiricidir. Fransalı zədələrdən qurtulandan bəri çox yaxşı oynayır.
Ümumi mənzərəyə nəzər yetirsək, “Qarabağ” çempionluq tapşırığını çox güman ki, tezliklə həll edəcək. Ən yaxın izləyici ilə 7 qələbəlik fərqin yaradılması o deməkdir ki, hətta 4-cü dövrənin startındaca qızıl medalları təmin etmək mümkündür. Problem “Qəbələ”nindir. Bölgə klubunun ümidləri hər keçən gün azalır. “Kəpəz”dən 8 xal geri qalmaq futbolçuları da təzyiqdə saxlayır. Növbəti turlarda gəncəlilərə heç olmasa, yaxınlaşmaq mümkün olmasa, bəlkə Premyer Liqanı tərk edəcək komandanı da daha tez tanıyacağıq.
FƏRİD