Mayamidə keçirilən “Masters” seriyalı turnirdə ¼ finalın iştirakçıları məlum olub.

Ötən il turnirdə qalib olan Daniil Medvedev iki setdə Dominik Kepferi məğlubiyyətə uğradıb. İlk setin taleyi tay-breykdə müəyyənləşib. İkinci setdə isə Kepfer quru hesabla uduzub.

Ötən il finalda oynayan Yannik Sinner də qələbə qazanıb. İtaliyalı tennisçi iki setdə Kristofer O`Konneldən üstün olub.

İlin ilk “Masters” turnirində çempion olan Karlos Alkaras italiyalı Lorenso Muzetti üzərində qələbə qazanıb. Hər iki set 6:3 hesabı ilə ispan tennisçinin xeyrinə başa çatıb. Alkarasın növbəti mərhələdə rəqibi Qriqor Dimitrov olacaq. Bolqarıstanlı tennisçi 1/8 final mərhələsində Hubert Hurkaçı mübarizədən kənarlaşdırıb.

Kasper Ruud üzərində qələbə qazanan çilili Nikolas Xarri Medvedevlə üz-üzə gələcək. Yannik Sinner isə karyerasında ilk dəfə ¼ finala yüksələn çexiyalı Tomaş Maxaçla qarşılaşacaq. Digər ¼ final oyununda Zverevlə Maroşan qüvvəsini sınayacaq.

Shares: