“Səbail” klubunun müdafiəçisi Adil Nağıyevin futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının XXVII turunda “Neftçi”yə 0:3 hesablı məğlubiyyəti nə ilə izah edərdiniz?
– Ümumi götürsək, son oyundakı məğlubiyyət bizə pis təsir etdi. Çünki həmin matçda pis oynamadıq. Sadəcə, belə alındı. İndi bunu düşünməyin vaxtı deyil. Çempionatdakı fasilə müddətində məşqlərdə var gücümüzlə hazırlaşdıq, öz üzərimizdə işlədik. Daha yaxşı olmağa çalışırıq.
– Cari mövsümdə keçirdiyiniz 3 görüşün heç birində “Neftçi”yə qalib gələ bilməmisiniz. Bunun səbəbini nədə görürsünüz?
– “Neftçi” ölkənin ən köklü klublarındandır. Bu komanda ilə oynamaq hər zaman çətindir. İkinci dövrədə “Neftçi Arena”da heç-heçəyə imza atmışdıq. Bayılda keçirilən oyunda yaxşı təsir bağışlasaq da, yekunda məğlubiyyətlə üzləşmişdik. Onlarla bu mövsüm daha bir oyunumuz var. Çalışacağıq ki, həmin qarşılaşmada “Neftçi” üzərində qələbə qazanaq.
– Növbəti oyunda “Turan Tovuz”u qəbul edəcəksiniz. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?
– Bizi həftəsonu çox çətin oyun gözləyir. “Turan”ın yaxşı heyəti var. Bu oyundan istədiyimiz nəticə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik. Komanda olaraq buna inanırıq. Hər iki tərəf üçün vacib görüşdür. Ümid edirəm ki, 90 dəqiqənin yekununda sevinən tərəf biz olacağıq.
– “Səbail”in gücü cari mövsümü neçənci pillədə bitirməyə çatacaq?
– Mövsümün ən kritik dövrünə qədəm qoyuruq. 4-cü dövrə yekun hissədir. Bu hissəni yaxşı nəticələrlə başa vurmağa çalışacağıq. Buna gücümüz də var. Düşünürəm ki, bir qələbə ilə yenidən toparlanmağı bacaracağıq. Odur ki, “Turan Tovuz”la oyun bizim üçün böyük önəm kəsb edir.
– Avrokuboklara vəsiqə uğrunda mübarizədə ən əsas rəqib qismində hansı komandaları görürsünüz?
– Turnir cədvəlinə baxanda görürük ki, demək olar, bütün komandaların avrokuboklara vəsiqə qazanmaq şansı var. Bayaq dediyim kimi, mövsümün final mərhələsinə qədəm qoyuruq. Bizim üçün önəmli olan öz oyunumuzdur. Biz yalnız bunu düşünürük. Avrokuboklara vəsiqə qazanan komandaların sırasında olmaq istəyirik. Bunun öhdəsindən gəlmək üçün əlimizdən gələni edəcəyik.
ABBAS