“Kəpəz” klubunun futbolçusu Şakir Seyidovun futbolinfo.az saytına müsahibəsi

– Millinin oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən lazımınca faydalana bildiniz?

– Fasilə müddətində intensiv məşqlər keçdik, səhvlərimizin üzərində çalışdıq. Yaxşı hazırlıq keçdiyimizi düşünürəm. İnanıram ki, məşqlərin bəhrəsini sonuncu dövrənin oyunlarında görəcəyik.

– “Kəpəz”in 3 dövrə ərzindəki çıxışını ümumilikdə necə qiymətləndirirsiniz? Daha çox xal toplamaq olardı?

– Xallar qazana biləcəyimiz oyunlar var idi, amma bəzən diqqətsizlik və şanssızlıq, bəzən də hakim səhvləri üzündən meydanı xalsız tərk etdik. Bunlar baş verməsəydi, indi xallarımızın sayı daha çox olardı və turnir cədvəlində hazırkı mövqeyimizdən yuxarı pillələrdə qərarlaşardıq.

– Sonuncu dövrəyə bu gün “Qarabağ”la oyunla start verəcəksiniz. Liderlə görüşdə hansı nəticəyə ümid edirsiniz?

– Hər oyuna olduğu kimi, bu matça da ciddi hazırlaşmışıq. Çempionatın sonuncu dövrəsinə start veririk. Dördüncü dövrənin ilk oyununda uğurlu nəticəyə imza atmaq istəyirik. İnşallah, “Qarabağ”la görüşdən xal və ya xallarla ayrılarıq.

– Mövsümün sonuna 9 tur qalmış “Qəbələ”ni 11 xal qabaqlayırsınız. “Kəpəz”in çempionatdakı yerini qoruduğunu indidən demək olar?

– Hələ heç nəyi təmin etməmişik. Qarşıdakı oyunlara köklənmək, qələbələr qazanmaq lazımdır. Mövsümün bitməsinə 9 tur qalıb və bu müddətdə çox şey baş verə bilər. Buna görə də arxayınlaşmaq olmaz. Xal üstünlüyümüzü sonadək qoruyub saxlamalıyıq.

– “Kəpəz” hazırkı baş məşqçisi və heyəti ilə növbəti mövsümdə iddiasını artıra, yuxarı pillələr uğrunda mübarizə apara bilər?

– Baş məşqçimiz Adil Şükürov savadlı və perspektivli mütəxəssisdir. Hər zaman bizdən daha artığını istəyir. Məqsədi odur ki, biz inkişaf edək. “Kəpəz”in Premyer Liqada qalacağına və gələn il böyük uğura imza atacağına inanıram.

– Uzun müddətdir ki, ev oyunlarınızı Gəncədən kənarda keçirirsiniz. Bu məqam sizi yormur?

– Düzdür, uzun müddətdir Gəncədən kənarda oynayırıq. Amma azarkeşlərimiz sağ olsunlar ki, bizi heç zaman tək qoymurlar. Yəni kənarda oynadığımızı, Gəncədən uzaq düşdüyümüzü bizə hiss etdirmirlər. Bütün matçlarda komandaya sonadək dəstək olurlar.

– “Kəpəz”də icarə əsasında çıxış edirsiniz. Yayda hansı qərarı verəcəksiniz: “Kəpəz”də qalmaq, yoxsa müqavilə ilə məxsus olduğunuz “Sabah”a qayıtmaq?

– Mövsümün sonuna 1 dövrə qalıb. Düzdür, “Sabah”la müqaviləm var. Amma indi bu barədə düşünmürəm. Fikrim qarşıdakı oyunlara köklənməkdir. İstəyirəm ki, mövsümün son matçlarında da özümü yaxşı tərəfdən göstərim.

CAVAD

Shares: