Qurban Qurbanov baş məşqçi kimi 10-cu dəfə Azərbaycan çempionu tituluna yiyələnib.
Futbolinfo.az xəbər verir ki, bütün bu titulları “Qarabağ”ın “sükanı arxası”nda qazanan 52 yaşlı mütəxəssis özünün sahib olduğu rekordu yeniləyib.
O, bu çempionluqları son 11 ildə qazanıb. 10-cu – yubiley zəfər Misli Premyer Liqasının XXVIII turunun “Kəpəz”lə səfər oyununda (1:6) əldə olunub.
Qurbanov bunadək 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23 mövsümlərində də “Qarabağ”ın çempionluğunun memarı olub.
İkinci sıradakı Ağasəlim Mircavadovun 5 çempionluğu var: 1993, 1999/2000, 2000/01, 2004/05, 2006/07. Kazbek Tuayev (1993/94, 1995/96, 1996/97, 2003/04) dörd, Mehman Allahverdiyev (1994/95, 1997/98, 1998/99) və Böyükağa Hacıyev (2005/06, 2011/12, 2012/13) hərəyə üç dəfə çempionluq sevinci yaşayıb.
Belə uğuru olan 11 məşqçidən altısı yalnız bir dəfə qızıl medala yiyələnib. Əhməd Ələsgərov 1992, Valentin Xodukin 2007/08, Qyoko Hacıyevski 2008/09, Kaxaber Sxadadze 2009/10, Arif Əsədov 2010/11 və Samir Abasov 2020/21 mövsümündə buna nail olub.