Şahmatçılar arasında ilin əsas turnirinə start verilir. Aprelin 3-də Kanadanın Toronto şəhərində iddiaçıların yarışı başlayacaq.

İlk dəfədir ki, kişi və qadınlar eyni şəhərdə və eyni vaxtda mübarizə aparacaqlar. Açılış mərasimindən bir gün sonra ilk turun oyunları keçiriləcək. Tay-brekə ehtiyac duyularsa, aprelin 22-si də oyun günü olacaq. Elə həmin günə də bağlanış mərasimi nəzərdə tutulub.

Viza problemi ilə əlaqədar olaraq, FİDE yarışı başqa ölkəyə keçirməyi planlaşdırırdı. Kanada dövləti 4 ölkənin nümayəndəsinə viza verməkdə problem yaşadırdı. Lakin sonradan bu problemlər həllini tapdığına görə FİDE yerdəyişməyə lüzum görmədi.

Hazırda dünya çempionu titulu Din Lijen və Szyu Venzyuna məxsusdur. Çinli qrossmeysterlərlə matça vəsiqə qazanmaq uğrunda 16 şahmatçı mübarizə aparacaq. Onlardan 8-i kişi, 8-i də qadındır. Sevindirici haldır ki, kişilərin arasında həmyerlimiz Nicat Abasov da var.

Turnir ərzində hər bir şahmatçı hər rəqibi ilə iki dəfə üz-üzə gələcək. Partiyalar klassik vaxt hesablamaları ilə keçiriləcək. Kişilərdə ilk 40 gedişə 120 dəqiqə veriləcək. 41-ci gedişdən başlayaraq partiyanın sonuna qədər 30 dəqiqə və hər gedişə görə 30 saniyə əlavə olunacaq. Qadınlarda vaxt məsələsi bir qədər fərqlidir. Onlara ilk 40 gediş üçün 90 dəqiqə vaxt veriləcək.

Kişilərin turnirində iştirak edən 8 şahmatçı bunlardır: titul uğrunda keçən matçda məğlub olan Yan Nepomnyaşi, Nicat Abasov (Azərbaycan), Qukeş Dommaraja, Vidit Qucrati, Rameşbabu Praqnanandha (hər üçü Hindistan), Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi ABŞ) və Əlirza Firuzja (Fransa).

Qeyd edək ki, Dünya kubokunun nəticələrinə əsasən Maqnus Karlsen də turnirdə iştirak edə bilərdi. Lakin dünya çempionu öz titulunu qorumaqdan da, “İddiaçılar turniri”ndə iştirakdan da imtina etdi. Bunun da səbəbini rəqiblərin ona motivasiya verməməsi ilə izah etdi.

Qadınların turnirində iştirak edən qrossmeysterlər bunlardır: keçən matçda uduzan çinli Ley Tingjie, onun həmyerlisi Tan Junyi, Aleksandra Qoryaçkina, Yekaterina Laqno (hər ikisi Rusiya), Nurgül Səlimova (Bolqarıstan), Anna Muzıçuk (Ukrayna), Rameşbabu Vayşali, Hampi Koneru (hər ikisi Hindistan).

Turnirdə qalib gələn şahmatçı 48 min avro qazanacaq. İkinci yeri tutana 36, üçüncüyə isə 24 min avro mükafat veriləcək. Bundan başqa, hər bir iştirakçı qazandığı yarım xala görə 3,5 min avro alacaq. Qadınların yarışında mükafatlar kişi turnirindəkinin 50%-ni təşkil edəcək.

Reqlamentə əsasən, 3-dən 22-dək davam edən turnirdə 4 istirahət günü olacaq. Aprelin 8,12,16 və 19-da oyunlar olmayacaq. Hər bir yarış günü Bakı vaxtilə saat 22:30-da start götürəcək.

İlk oyun gününün qarşılaşmaları bunlardır:

Fabiano Karuana (ABŞ) – Hikaru Nakamura (ABŞ)

Nicat Abasov (Azərbaycan) – Yan Nepomnyaşi (Rusiya)

Əlirza Firuzja (Fransa) – Rameşbabu Praqnanandha (Hindistan)

Qukeş Dommaraju (Hindistan) – Vidit Qucrati (Hindistan)

Aleksandra Qoryaçkina (Rusiya) – Yekaterina Laqno (Rusiya)

Anna Muzıçuk (Ukrayna) – Nurgül Səlimova (Bolqarıstan)

Ley Tingjie (Çin) – Tan Junyi (Çin)

Rameşbabu Vayşali (Hindistan) – Hampi Koneru (Hindistan) FƏRİD

Shares: