AFFA-da baş katib postunun boş qalması səbəbsiz deyil. Sərxan Hacıyevin icraçı vitse-prezident təyin edilməsindən sonra vakant qalan vəzifəyə təyinat daha sonra olacaq.

Futbol kuluarlarında gəzən şayiələrə inansaq, hələlik idarəetməsi Hacıyevə tapşırılan katibliyə Elxan Səmədov təyin olunacaq. Hazırda xəstəxanada müalicəsi davam edən Peşəkar Futbol Liqasının prezidenti ayağa qalxan kimi öncədən qurulan plan həyata keçiriləcək.

Baş katib postu futbol idarəetməsndə önəmli vəzifədir. Bu postun boş saxlanılması və ya struktur dəyişikliyi ilə önəminin azaldılması mümkün deyil. Ona görə də AFFA rəhbərliyi Səmədovun sağalmasını gözləyir.

Xatırladaq ki, Peşəkar Futbol Liqasının rəsmiləri ötən ilin dekabrında ağır yol qəzası keçirib. Hadisə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində baş verib. Qəza nəticəsində PFL-in prezidenti Elxan Səmədov, vitse-prezidenti Aslan Şahgəldiyev, mətbuat katibi Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov, həmçinin icraçı direktor Zaur Hacı-Məhərrəmov və sürücü Rasim Qafarlı xəsarət alıblar.

Digər şəxslər artıq ayağa qalxsa da, Şahgəldiyev və Səmədovun müalicəsi davam edir. Daha ağır xəsarət alan Səmədov bugünədək xəstəxanadır. Həkimlər onun da müəyyən müddətdən sonra işinin başına qayıda biləcəyini deyib. Elxan bəyin uğurlu fəaliyyəti AFFA rəhbərliyini qane etdiyindən, baş katib postunun onun üçün boş saxlanılmasına qərar verilib.

Səmədovun baş katib təyin olunmasından sonra PFL-in prezidenti postunu tutacaq şəxs də bəllidir. Bu vəzifənin hazırkı icraçı direktor Zaur Hacı-Məhərrəmova tapşırılacağı deyilir.

Shares: